Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların gərginliyin azaldılması ilə bağlı aydın və uzunmüddətli razılaşmalar olmadan yumşaldılmasının zəiflik əlaməti olacağını və Moskvanın müharibəni davam etdirməsinə şərait yaradacağını bildirib.
Bizim.Media xəbər verir ki, Zelenski Ukraynanın gərginliyin azaldılması istiqamətində qarşılıqlı addımlar atmağa hazır olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Kiyev Rusiya neft emalı zavodlarına zərbələri dayandırmağı, Moskvanın isə Ukraynanın enerji infrastrukturuna hücumlardan imtina etməsi şərti ilə təklif edir.
Zelenski hesab edir ki, Rusiyaya gərginliyin azaldılması istiqamətində real addımlar atmadan neft məhsullarını satmağa icazə verilməsi müharibənin davam etdirilməsinə faktiki dəstək olacaq.
Ukrayna lideri Vaşinqtonu Moskva ilə danışıqlarda daha sərt mövqe tutmağa və Ukraynaya dəstəyi davam etdirməyə çağırıb. O, sülhün yalnız qarşılıqlı öhdəliklər və gərginliyin azaldılması üçün real addımlar əsasında əldə oluna biləcəyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Trampın göstərişi ilə ABŞ Maliyyə Nazirliyi Rusiya mənşəli dizel yanacağının tədarükünə müvəqqəti icazə verib. Qərara əsasən, müvafiq əməliyyatlara 7 aprel 2027-ci ilədək icazə verilir.
Bizim.Media






