Məktəblərdə hicabla bağlı müzakirələri yalnız dini inanc məsələsi kimi qiymətləndirmək düzgün deyil. Burada təhsil müəssisələrinin vahid geyim qaydaları, fərdi seçim və dini anlayışa yanaşma kimi bir sıra məqamlar nəzərə alınmalıdır.
Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputatın sözlərinə görə, insanların dinə yanaşması fərqlidir, bəziləri dini Quranın mənasını anlamaq və onun mahiyyətini dərk etmək üzərindən qəbul edir, digərləri isə daha çox onun ideoloji və zahiri tərəflərinə üstünlük verirlər:
"Dini yalnız müəyyən atributlarla əlaqələndirmək yanlış yanaşmadır. Bəzi insanlar Quranın məzmununu dərindən anlamaqdan daha çox onu dəfələrlə xətm etməyə və avazla oxumağa önəm verirlər. Halbuki əsas məsələ dini mətnlərin mənasını dərk etmək və həmin mənəvi dəyərləri həyatda tətbiq etməkdir. Dini tövsiyələrin bəzən insanlar tərəfindən mütləq tələb kimi qəbul edilməsi yanlış dini təsəvvürlərin formalaşmasına səbəb olur".
Deputat qeyd edib ki, İslamda müəyyən dini atributlar var, lakin onların hər hansı birinə əməl edilmədikdə mütləq cəza nəzərdə tutulduğunu söyləmək doğru deyil:
"Əgər konkret məsələdə belə bir tələb və cəza mexanizmi yoxdursa, ona tövsiyə xarakterli yanaşmaq lazımdır. Cəmiyyətdə dinlə bağlı mübahisələrin bir qismi də məhz bu məsələlərin fərqli anlaşılmasından qaynaqlanır. İnsanın hicab taxmaq və ya örtünmək seçiminə hörmətlə yanaşılmalıdır. Bununla belə, məktəblər bütün şagirdlərin eyni məqsəd, təhsil almaq üçün bir araya gəldiyi müəssisələrdir və burada ümumi geyim qaydalarına əməl olunması vacibdir".
Deputat vurğulayıb ki, bu yanaşma yalnız İslam dininə aid məsələ kimi təqdim edilməməlidir. Onun fikrincə, məktəblərdə vahid geyim tələbləri müxtəlif dinlərdən olan insanlara eyni prinsiplə tətbiq olunmalıdır.
O, həmçinin bildirib ki, hicab məsələsinin ətrafında yaranan müzakirələrin daha da dərinləşməməsində bəzi müəllimlərin anlayışlı mövqe nümayiş etdirməsi rol oynayıb:
"Əsas məqsəd şagirdlərə bilik vermək, onları yetişdirmək və cəmiyyət üçün faydalı insanlar formalaşdırmaqdır. Dini atributlara həddindən artıq diqqət yetirərək təhsil və maarifçilik missiyasını arxa plana keçirmək ilk növbədə insanın özünə zərər verir. Hicab taxan şagird və müəllimlərə də hörmətlə yanaşılmalı, məsələnin həllində maarifləndirməyə üstünlük verilməlidir. Onların hamısı Azərbaycan vətəndaşlarıdır və Konstitusiyanın müəyyən etdiyi hüquq və azadlıqlara malikdirlər. Buna görə də məsələni izah etməklə, maarifləndirmə işini genişləndirməklə həll etmək lazımdır".

