Mənzil və avtomobil satışı, eləcə də işə düzəltmə vədləri ilə vətəndaşlardan pul aldığı, bəzi hallarda isə artıq satılmış mənzilləri yenidən sataraq vəsaitləri ələ keçirdiyi bildirilən şəxsə hökm oxunub.
Globalinfo.az Qaynarinfo-ya istinadla xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib.
İttiham aktında qeyd edilir ki, təqsirləndirilən şəxs 2016–2021-ci illərdə mənzil və avtomobil satışı, eləcə də işə düzəltmə vədləri ilə müxtəlif vətəndaşlardan pul alıb. O, bəzi hallarda mənzillərin əvvəlcədən başqa şəxslərə satıldığını bildiyi halda, həmin əmlakları yenidən satacağını vəd edib.
Vətəndaşlara dəymiş zərərin ümumi məbləği təxminən 577 710 manat təşkil edir.
İttihama görə, təqsirləndirilən şəxs bəzi mənzillərin əvvəlcədən başqa şəxslərə satıldığını bildiyi halda, yeni alıcılara həmin əmlakları satacağını vəd edib. Bəzi hallarda alıcılara yeni alqı-satqı müqavilələri və ödənişin tam həyata keçirildiyini göstərən maliyyə arayışları təqdim olunub.
Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin onun 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi qərara alınıb.
Bundan əvvəl çıxarılmış hökm üzrə təyin edilən cəza da nəzərə alınaraq, cəzalar qismən toplanıb. Nəticədə ona qəti olaraq 2 il 3 ay müddətinə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Təqsirləndirilən şəxsin 2022-ci ildə həbsdə və ev dustaqlığında olduğu 4 ay 19 gün müddət cəzadan çıxılıb. Beləliklə, hökmə əsasən, onun üzərində qəti olaraq 2 il 3 ay müddətinə əlavə cəza ilə yanaşı, 7 il 1 ay 11 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.


