Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Krımda Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) agenti olduğu iddia edilən şəxsi saxlayıb.
News24.az-ın FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən yaydığı məlumata görə, 1969-cu il təvəllüdlü Sevastopol sakini Rusiyanın Qara dəniz Donanmasının hərbi bölmələri və texnikasının yerləşdiyi ərazilər barədə məlumat ötürməkdə şübhəli bilinir.
İddialara əsasən, həmin şəxs “WhatsApp” vasitəsilə SBU nümayəndəsi ilə əlaqə saxlayaraq hərbi obyektlərin yerləşməsi barədə məlumatları qarşı tərəfə göndərib. FSB onun SBU-nun Cinayət Axtarışı Departamentinin Beşinci İdarəsinin agenti olduğunu da iddia edib.
Faktla bağlı dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanıb. Saxlanılan şəxs barəsində həbs qəti-imkan tədbiri seçilib.
Qeyd edək ki, oktyabrın 15-də Zaporojye vilayətində də Rusiya qoşunları və hərbi texnikasının mövqeləri barədə Ukrayna kəşfiyyatına məlumat ötürməkdə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib.





