“Ukrayna itirdiyi torpaqların taleyi ilə barışmağa hazırdır”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli bildirib.

Politoloq Rusiya-Ukrayna münaqişəsində son vəziyyət və Kiyevin qarşılaşdığı hərbi-siyasi çətinliklərlə bağlı fikirlərini bölüşüb:
“Son dövrlərdə ABŞ və Ukrayna arasında çox mühüm fikir ayrılıqları var və ABŞ Prezidenti Trampın Rusiya-Ukrayna müharibəsi istiqamətində konkret mövqeyi formalaşıb. Əgər bir neçə ay öncə ABŞ Zelenski administrasiyasını bütün istiqamətlərdə dəstəkləyirdisə, Ukraynaya müxtəlif hərbi və iqtisadi yardımlar edirdisə, son dövrlərdə bunun tamamilə əksini görürük. Tramp artıq müharibə potensialının tükəndiyini açıq formada bildirir və bununla Kiyevə ciddi xəbərdarlıq edir. Düşünürəm ki, bu, Zelenski administrasiyasına çox ciddi siqnal və təzyiqdir. Ərazilərinin böyük hissəsi Rusiya tərəfindən nəzarətə götürülmüş Ukrayna artıq tükənmək üzrədir və bu istiqamətdə Ukraynanın gücü qalmayıb. Doğrudur, Ukrayna ordusu sonuna qədər döyüşür, böyük dirəniş göstərir və zərbələr endirməkdə heç də Rusiya ordusundan geri qalmır, amma bu o demək deyil ki, Ukrayna bu məsələlərdə qalibdir və ya hər hansı uğur qazanıb.”
S. Kərimli Ukraynanın məğlubiyyətin bir addımlığında olduğunu dilə gətirib:
“Qarşıdan çox çətin qış dövrü gəlir, Ukraynanın infrastrukturu Rusiya tərəfindən məhv edilib. Ukrayna xalqını qış aylarında çətin sınaqlar gözləyir. Zelenski də ABŞ tərəfindən təkləndiyini görür və artıq müəyyən güzəştlər etməklə bağlı təkliflər verir. Zelenski açıq şəkildə bildirir ki, Ukraynanın Rusiya tərəfindən tutulmuş 25% ərazisini güzəştə getməyə razıdır və bu halda sülh müqaviləsini imzalaya bilər. Bütün bunlar onu göstərir ki, Zelenski də artıq meydanda tək qaldığını görür və Amerikanın belə çağırışlarından sonra geri çəkilməyə məcburdur. Görünən odur ki, əgər belə davam edərsə, yakın aylarda sülh prosesi başlaya bilər və belə halda Rusiya müharibədə qalib, Ukrayna isə torpaqlarının suverenliyini itirdiyi üçün məğlub olacaq.”
Nurlan Cəfəri



