Avropa İttifaqı (Aİ) insan alverinə qarşı mübarizəni gücləndirmək üçün yeni strategiyasını açıqlayıb.
News24.az xəbər verir ki, Aİ Komissiyasının məlumatına görə, 2023 və 2024-cü illərdə ittifaq ərazisində qeydə alınan insan alveri qurbanlarının sayı 16,1 faiz artaraq 20 mini ötüb.
Qurbanların 63 faizini qadınlar və qızlar təşkil edib. Onların əksəriyyəti cinsi istismar məqsədilə insan alverinə məruz qalıb. Uşaqlar isə ümumi qurbanların 15 faizini təşkil edib. Əmək istismarı məqsədilə insan alverinə məruz qalanların 74 faizi kişilər olub.
Yeni strategiya altı əsas istiqaməti əhatə edir. Bunlara müasir texnologiyalardan istifadə, özəl sektorla əməkdaşlığın gücləndirilməsi, mütəşəkkil cinayətkarlıqla mübarizə, miqrasiya ilə bağlı risklərin azaldılması, böhranlara hazırlıq və qurbanların müdafiəsinin gücləndirilməsi daxildir.
Strategiya çərçivəsində Aİ üzv ölkələr arasında sərhədlərarası əməkdaşlığı genişləndirməyi, insan alveri şəbəkələrinə qarşı birgə əməliyyatları artırmağı və ittifaqdan kənar ölkələrlə tərəfdaşlığı gücləndirməyi planlaşdırır.



