Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Baş Prokurorluqla birgə Ukrayna prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendelə qiyabi olaraq şübhə bildirişi təqdim edib.
Modern.az xəbər verir ki, o, hərbi vəziyyət dövründə dövlətə xəyanətdə, həmçinin Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünə haqq qazandırmaqda və onu inkar etməkdə ittiham olunur.
Ukraynanın hüquq-mühafizə orqanlarının məlumatına görə, aparılan ekspertizalar və əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Mendel ictimai çıxışlarında və sosial şəbəkələrdəki paylaşımlarında Ukraynanı beynəlxalq arenada gözdən salıb, eyni zamanda Rusiya hakimiyyətinə və Ukraynaya qarşı genişmiqyaslı müharibəyə haqq qazandırıb.
Qeyd olunub ki, Mendel ölkə xaricindədir. Hazırda onun məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.



