ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərindən sonra Demokratlar Partiyası Konqresdə nəzarəti ələ keçirəcəyi təqdirdə, amerikalı sahibkar İlon Maskı və onun yaxın köməkçilərini mümkün Konqres araşdırmalarından qoruyacağına söz verib.
Modern.az xəbər verir ki, Tramp bu barədə Pod Force One podkastına müsahibəsində danışıb. Prezidentdən Mask və onun ətrafına qabaqlayıcı əfv verilməsinin mümkünlüyü soruşulub.
“Əgər buna ehtiyac olsaydı, əlbəttə. Heç düşünmədən edərdim”, – deyə Ağ Evin rəhbəri bildirib.
"Reuters"in oktyabrın 13-də yaydığı məlumata görə, İlon Mask 2026-cı ildə ABŞ-da keçiriləcək aralıq seçkilərində Respublikaçılar Partiyasının Konqresdəki üstünlüyünü qorumasına kömək etmək üçün təxminən 366 milyon dollar xərcləyib. Bu məbləğ onu 2026-cı ilin ən böyük siyasi donoruna çevirib.
Agentlik qeyd edir ki, seçkilər Mask üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Konqresin Nümayəndələr Palatasında demokratlar onun SpaceX şirkətinin rəhbəri kimi əldə etdiyi dövlət müqavilələrinin və Hökumətin Səmərəliliyi Departamentindəki (DOGE) fəaliyyətinin araşdırılmasını tələb edirlər.




