İranın Sistan və Bəlucistan vilayətində terror aktının qarşısı alınıb.
AZXEBER.COM IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qərargahı məlumat yayıb.
"Dəqiq kəşfiyyat nəzarəti ilə əvvəlcədən müəyyən edilmiş və kəşfiyyat müşahidəsi altında olan bir terrorçu qrup terror aktı həyata keçirməzdən əvvəl ifşa olunub", - qərargahdan bildirilib.
Qeyd olunub ki, əməliyyatda terrorçulardan biri öldürülüb, bəziləri həbs olunub, qaçanlar isə təqib edilir:
"Bu qrup bölgədə yerləşdirilmiş təhlükəsizlik qüvvələrinin qərargahlarına qarşı terror əməliyyatı həyata keçirməklə yanaşı, Zərabad-Kənarak yolunu bağlamağı planlaşdırırdı, lakin İslam döyüşçülərinin vaxtında atdığı addımla Sistan və Bəlucistan vilayətinin sakinlərinin təhlükəsizliyinə xələl gətirmək mümkün olmayıb.
Bu vilayət İranın qırmızı xəttidir və məğlub olmuş düşmənin sifarişi ilə missiya həyata keçirən terrorçu qruplar kəşfiyyat nəzarəti altındadır".



