ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərdə demokratların qələbə qazanaraq Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsindən sonra impiçment ehtimalından qətiyyən narahat olmadığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.
Trampın sözlərinə görə, kifayət qədər əsas olmadan onu hakimiyyətdən uzaqlaşdırmaq cəhdi Demokratlar Partiyasının siyasi iflası ilə nəticələnəcək.
Jurnalistlərin impiçment ehtimalının onu narahat edib-etmədiyi barədə sualına ABŞ Prezidenti belə cavab verib:
“Xeyr, xeyr, zərrə qədər də yox”.
Tramp bildirib ki, demokratlar belə bir addım atarlarsa, bu, onların partiyasını məhv edə bilər:
“Düşünürəm ki, bu, Demokratlar Partiyasını məhv edər. Əgər onlar belə bir addım atsalar, bu, heç bir əsası olmayan impiçment olacaq. Nəyə görə? Ölkə uğurla inkişaf etdiyi üçün?”
Tramp demokratlarla əməkdaşlığa hazır olduğunu da əlavə edibş
Prezident Konqresdə demokratlarla əməkdaşlıq etməyə hazır olduğunu da bildirib. Bununla belə, onların fəaliyyətini dağıdıcı hesab edəcəyi təqdirdə veto hüququndan istifadə edəcəyi barədə xəbərdarlıq edib.
“Əgər onlar dağıdıcı fəaliyyət göstərmək istəməsələr, yəqin ki, demokratlarla anlaşa bilərəm. Amma mənim veto hüququm var”, - deyə Tramp bildirib.



