Ukrayna Avropa İttifaqına üzvlük prosesində Moldovadan geri qalır.
Gununesi.info xəbər verir ki, “Financial Times”ın məlumatına görə, bu barədə Avropa Komissiyasının genişlənmə ilə bağlı illik hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, Ukraynanın üzvlük prosesində geriləməsinin əsas səbəblərindən biri korrupsiyaya qarşı mübarizə və hüququn aliliyi sahəsində islahatların kifayət qədər sürətlə aparılmamasıdır.
Hər iki ölkə 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra Avropa İttifaqına üzvlük üçün müraciət edib.
Avropa Komissiyasının qiymətləndirməsinə görə, Moldova 2028-ci ilin əvvəlinədək üzvlük danışıqlarını yekunlaşdıra bilər. Ukraynanın isə bu prosesi başa çatdırması üçün əlavə bir ilə və islahatların sürətləndirilməsinə ehtiyac ola bilər.
Komissiya Rusiyanın hərbi müdaxiləsi şəraitində Ukraynanın həyata keçirdiyi islahatları müsbət qiymətləndirsə də, Kiyevin korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli irəliləyiş nümayiş etdirməli olduğunu vurğulayıb.
Hesabatda Monteneqronun da üzvlük perspektivlərinə toxunulub.
Bildirilib ki, ölkə ilə üzvlük müqaviləsi 2027-ci ilin ortalarında imzalana bilər. Müqavilə Aİ ölkələri və Avropa Parlamenti tərəfindən təsdiqlənərsə, Monteneqro 2013-cü ildə Xorvatiyadan sonra ittifaqa qəbul edilən ilk yeni üzv olacaq.


