Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyini təmin etmək üçün koordinasiyanı gücləndirmək və üçtərəfli mexanizm yaratmaq barədə razılığa gəliblər.
Modern.az xəbər verir ki, bu barədə Bolqarıstanın müdafiə naziri Dimitr Stoyanov Sofiyada Rumıniya və Türkiyədən olan həmkarları, eləcə də üç ölkənin Baş qərargah rəisləri ilə keçirilən görüşdən sonra açıqlama verib.
Nazir bildirib ki, mülki gəmilərə pilotsuz uçuş aparatları ilə hücumlar gərginliyin təhlükəli şəkildə artmasına səbəb olur və gəmiçiliyin təhlükəsizliyi üçün ciddi risklər yaradır.
Stoyanov ticarət gəmilərini, dəniz infrastrukturunu və dəniz daşımalarının təhlükəsizliyini təhdid edən hücumların dərhal dayandırılmasına çağırıb.
Onun sözlərinə görə, Qara dəniz hövzəsi ölkələri və NATO müttəfiqləri kimi Bolqarıstan, Rumıniya və Türkiyə gəmiçilik azadlığının qorunması və beynəlxalq hüquqa riayət olunması üçün ortaq məsuliyyət daşıyırlar.
Tərəflər məlumat mübadiləsini yaxşılaşdırmaq, regiondakı vəziyyət barədə məlumatlılığı artırmaq və erkən xəbərdarlıq sistemlərini təkmilləşdirmək barədə razılığa gəliblər. Yeni mexanizm Qara dənizdə təhlükəsizliyin gücləndirilməsi üçün müntəzəm məsləhətləşmələrin aparılmasına və praktiki tədbirlərin əlaqələndirilməsinə imkan verəcək.
Növbəti görüşlərin yaxın vaxtlarda keçirilməsi planlaşdırılır. Danışıqların bir hissəsi siyasi səviyyədə Buxarestdə, digər hissəsi isə hərbi ekspertlərin iştirakı ilə Ankarada baş tutacaq.





