Ölkə.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Milli Qaz Şirkətinin qaz təchizatının əlaqələndirilməsi üzrə idarəsinin müdiri Hoşəng Seydalı ISNA-ya bildirib.
Onun sözlərinə görə, martın 18-dəki hücum zamanı ölkənin dörd qaz emalı zavodunun zədələnməsi nəticəsində gündəlik qaz hasilatı gücünün təxminən 230 milyon kubmetri sıradan çıxıb. Bu həcmdən indiyədək təxminən 100 milyon kubmetr bərpa edilib.
Hoşəng Seydalının qeyd edib ki, yaranmış vəziyyət ötən illə müqayisədə ölkədə qaz təchizatı ilə istehlak arasındakı fərqi daha 130 milyon kubmetr artırıb. İlkin proqnozlara əsasən, qışda təxminən 11 vilayətdə qaz təchizatı ilə bağlı çətinliklər yarana bilər.
O vurğulayıb ki, Milli Qaz Şirkətinin əsas prioriteti abonentlərin qazının kəsilməsinin qarşısını almaqdır. Məhdudiyyət yaranacağı təqdirdə, dövlətin digər qurumları ilə koordinasiya və planlaşdırma yolu ilə əhaliyə dəyəcək zərərin minimuma endirilməsinə, mümkün olduqda isə alternativ yanacaq təminatına çalışılacaq.
İran Milli Qaz Şirkətinin rəsmisi sənayenin qazla təminatına da toxunub. O qeyd edib ki, istehlakın pik dövründə məişət sektorunun qaz təchizatında problem yaranmaması üçün sənaye müəssisələrinə məhdudiyyətlər tətbiq oluna bilər.
Onun sözlərinə görə, sənaye müəssisələri ilə bağlanan qaz təchizatı müqavilələri elə tənzimlənib ki, onlar ilin səkkiz ayı ərzində qaz alır, digər dörd ayda isə alternativ yanacaqdan istifadə edirlər.
Seydalı istehlakın idarə olunmasının və istehlak modelinin dəyişdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, ötən il İranın gündəlik qaz hasilatı təxminən 820–830 milyon kubmetr olub. Lakin zavodlara dəyən ziyan nəticəsində əvvəlki dövrlə müqayisədə gündəlik hasilat gücünün təxminən 130 milyon kubmetri əlçatmaz olub.
O əlavə edib ki, buna baxmayaraq, gündəlik 700 milyon kubmetrdən çox qaz hasilatı çox böyük göstəricidir və dünyanın bir çox ölkəsi belə həcmə sahib olmağı arzulayır.




