Hörmüz boğazından Xəzərə və Qara dənizə qədər uzanan enerji, nəqliyyat və rəqəmsal şəbəkələr strateji hədəflərə çevrilir. Azərbaycan, Gürcüstan və Türkiyənin regional infrastrukturun təhlükəsizliyini təmin edəcək yeni model hazırlamaq imkanı var. Bu, həm də onların üzərinə düşən məsuliyyətdir.
Bir ölkənin fəaliyyətini iflic etmək üçün artıq onu işğal etməyə ehtiyac yoxdur. Elektrik şəbəkəsini sıradan çıxarmaq, qaz təchizatını dayandırmaq, maliyyə şəbəkələrinin işini pozmaq və ya rəqəmsal əlaqələrini kəsmək kifayətdir. Bunun nəticələri ənənəvi hərbi hücum qədər dağıdıcı ola bilər.
Bu, dövrümüzün təhlükəsizlik sahəsində əsas dərslərindən biridir.
Hörmüz və Bab əl-Məndəb boğazlarından Qara dənizə və Baltik dənizinə qədər kritik infrastruktur geosiyasi rəqabətin mərkəzinə keçib.
Azərbaycan və Türkiyə üçün bu, mücərrəd müzakirə mövzusu deyil. Onlar Gürcüstanla birlikdə son otuz ildə Avrasiyanın strateji baxımdan ən əhəmiyyətli enerji və nəqliyyat dəhlizlərindən bəzilərini qurublar.
İndi qarşıda duran vəzifə bu infrastrukturu qorumaqdır.
Enerji dəhlizlərindən strateji həyati əhəmiyyət daşıyan xətlərə2006-cı ildə Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərinin istifadəyə verilməsi Xəzər regionunun geosiyasi mənzərəsini dəyişdi.
Azərbaycandan başlayaraq Gürcüstan ərazisindən Türkiyənin Aralıq dənizi sahillərinə qədər uzanan, təxminən 1768 kilometr uzunluğundakı BTC Rusiya və İrandan keçmədən beynəlxalq bazarlara çıxış imkanı yaratdı.
Kəmərin layihə üzrə gündəlik ötürmə gücü təxminən bir milyon bareldir. BTC göstərdi ki, ölkələr regional əməkdaşlıq sayəsində coğrafi mövqelərindən iqtisadi və strateji üstünlük qazanmaq üçün istifadə edə bilərlər.
Azərbaycanın “Şahdəniz” yatağının qazını Gürcüstan və Türkiyəyə çatdıran Cənubi Qafqaz Boru Kəməri sonradan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə birlikdə Cənub Qaz Dəhlizinin tərkib hissəsinə çevrildi.
Bu gün Azərbaycan qazı Türkiyə və Avropadakı istehlakçılara çatdırılır. Enerji təhlükəsizliyinin Avropa üçün əsas məsələlərdən birinə çevrildiyi dövrdə Azərbaycan qazı təchizat mənbələrinin şaxələndirilməsinə töhfə verir.
Lakin dəhlizin strateji əhəmiyyəti müəyyən məsuliyyətlər də yaradır.
İri boru kəmərinin fəaliyyətində yaranan fasilə müxtəlif ölkələrdəki istehsalçı və istehlakçılara, tranzit ölkələrə, dəniz daşımalarının qrafiklərinə və kommersiya müqavilələrinin icrasına təsir göstərə bilər.
Ölkələri iqtisadi baxımdan birləşdirən infrastruktur onların təhlükəsizlik maraqlarını da bir-birinə bağlayır.
Buna görə Azərbaycan, Gürcüstan və Türkiyə enerji şəbəkələrinin mühafizəsinə getdikcə daha çox ortaq strateji vəzifə kimi yanaşmalıdır.
Orta Dəhlizin rolu dəmir yolu daşımaları ilə məhdudlaşmırOrta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti artır. Şirkətlər geosiyasi qarşıdurmalardan təsirlənən marşrutlara alternativ axtarırlar.
Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən bu marşrut dəniz daşımalarını, dəmir yollarını, limanları, gömrük sistemlərini və rəqəmsal infrastrukturu əhatə edir.
Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt limanı, Gürcüstanın nəqliyyat infrastrukturu və Türkiyədəki “Marmaray” dəmir yolu bağlantısı bu şəbəkənin mühüm hissələridir.
Dünya Bankının hesablamalarına görə, lazımi investisiyalar yatırılarsa və müvafiq islahatlar həyata keçirilərsə, 2030-cu ilədək Orta Dəhliz üzrə yükdaşımaların həcmi üç dəfə arta, tranzit müddəti isə yarıbayarı azala bilər.
Lakin bu proqnozların reallaşması infrastrukturun etibarlı işləməsindən, sərhəd xidmətlərinin əlaqəli fəaliyyətindən, investisiyalardan və kommersiya qaydalarının aydın və sabit olmasından asılıdır.
Dəhlizin dayanıqlılığı onun ən zəif həlqəsinin nə dərəcədə etibarlı işləməsindən asılıdır.
Limanın, dəmir yolu qovşağının, rabitə şəbəkəsinin və ya gömrük sisteminin fəaliyyətində uzunmüddətli fasilə bütün marşrutun etibarlılığını sarsıda bilər.
Buna görə strateji baxımdan əsas sual da dəyişir: “Nə qədər infrastruktur qura bilərik?” sualını “Bu infrastrukturun fasiləsiz və etibarlı işləməsini necə təmin edə bilərik?” sualı əvəz edir.
Təhdidlərin yeni coğrafiyasıSon münaqişələr kritik infrastruktura qarşı təhdidlərin getdikcə müxtəlifləşdiyini göstərir.
Pilotsuz uçuş aparatları və raketlər infrastruktur obyektlərini hədəfə ala bilər. Kiberhücumlar sənaye idarəetmə sistemlərinin və logistika platformalarının işini poza bilər. Radioelektron müdaxilələr naviqasiya və rabitəyə təsir göstərə bilər. Sualtı kabellər və dənizdəki infrastruktur təsadüfi zədələnmə, təxribat və digər təhlükəsizlik riskləri ilə üzləşir.
Enerji sektoru bu təhdidlərə xüsusilə həssasdır. Çünki bu sahədə fiziki infrastruktur getdikcə daha çox rəqəmsal idarəetmə sistemləri ilə əlaqələndirilir.
Bununla belə, hər bir boru kəmərini, körpünü, terminalı və ya elektrik stansiyasını ayrıca hava hücumundan müdafiə sistemi ilə qorumaq nə iqtisadi baxımdan realdır, nə də əməliyyat baxımından səmərəlidir.
Riskləri nəzərə alan kompleks yanaşma lazımdır. Bu yanaşma erkən xəbərdarlığı, zəruri hallarda çoxsəviyyəli hava və raket hücumundan müdafiəni, kibertəhlükəsizliyi, fiziki mühafizəni və fəaliyyəti sürətlə bərpa etmək imkanlarını birləşdirməlidir.
Azərbaycan üçün bu, dənizdəki neft-qaz sənayesinin, ixrac infrastrukturunun və elektrik şəbəkələrinin ümumi dayanıqlılığının təmin olunması deməkdir.
Gürcüstan üçün söhbət Xəzərlə Qara dənizi birləşdirən tranzit infrastrukturunun təhlükəsizliyindən gedir.
Türkiyə üçün isə mühafizə olunmalı infrastrukturun əhatəsi BTC, TANAP və “Türk axını” kəmərləri ilə məhdudlaşmır. Buraya mayeləşdirilmiş təbii qaz terminalları, mayeləşdirilmiş qazın saxlanması və yenidən qaz halına çevrilməsi üçün üzən qurğular, “Sakarya” qaz yatağı, Filyosdakı emal müəssisələri, böyük hava limanları, coğrafi boğazlar, elektrik ötürücü şəbəkələr və rəqəmsal rabitə infrastrukturu daxildir.
Bunlar ayrı-ayrı ölkələrə məxsus, bir-birindən təcrid olunmuş obyektlər deyil. Onlar qarşılıqlı əlaqəli regional sistem təşkil edir.
NATO və Avropa hansı nəticələri çıxarıb?“Şimal axını” boru kəmərlərinin zədələnməsindən və sonradan Baltik dənizindəki sualtı infrastrukturla bağlı yaranan narahatlıqlardan sonra NATO dənizdəki kritik infrastrukturun mühafizəsinə diqqətini artırıb.
Alyansın 2025-ci ildə başlatdığı “Baltik keşikçisi” təşəbbüsü müşahidənin, məlumat mübadiləsinin və mülki operatorlarla fəaliyyətin əlaqələndirilməsinin artan əhəmiyyətini göstərir.
Avropa İttifaqı da kritik əhəmiyyətli qurumların dayanıqlılığına dair direktiv və kibertəhlükəsizlik üzrə NIS2 direktivi ilə bu sahədə daha əhatəli tədbirlər müəyyən edib.
Əsas prinsip sadədir: infrastrukturun qorunması hökumətlər, silahlı qüvvələr, kəşfiyyat xidmətləri, tənzimləyici qurumlar və özəl operatorlar arasında əməkdaşlıq tələb edir.
Heç bir qurum bütün riskləri təkbaşına idarə edə bilməz.
Türkiyə NATO üzvüdür, Azərbaycan və Gürcüstan isə alyansa üzv deyil. Bu fərq praktiki əməkdaşlığa mane olmamalıdır. Əksinə, bu vəziyyət milli suverenliyin və qurumların səlahiyyətlərinin nəzərə alındığı, diqqətlə hazırlanmış regional mexanizmlərə ehtiyacı artırır.
Türkiyə infrastrukturun dayanıqlılığı sahəsində NATO təcrübəsinin daha geniş regional əməkdaşlığa tətbiqində mühüm əlaqələndirici rol oynaya bilər.
Rəqəmsal dəhliz enerji dəhlizi qədər əhəmiyyətlidirDaha çox diqqət tələb edən başqa bir istiqamət də var.
Xəzər regionu Mərkəzi Asiyanı Avropa ilə birləşdirən yeni fiber-optik xətlər, məlumat ötürmə infrastrukturu və rəqəmsal xidmətlər üçün potensial marşruta çevrilir.
Azərbaycanın rəqəmsal bağlantı imkanlarını genişləndirmək istiqamətində hədəfləri, eləcə də regional kabel və telekommunikasiya layihələri gələcəkdə ölkəni mühüm rəqəmsal qovşağa çevirə bilər.
Bu, məlumat mərkəzlərinə, süni intellektə, bulud xidmətlərinə və maliyyə texnologiyalarına investisiya imkanları yaradır.
Lakin rəqəmsal bağlantılar yeni risklər də doğurur.
Elektrik təchizatı, telekommunikasiya, ödəniş sistemləri, gömrük platformaları və sənaye prosesləri bir-biri ilə əlaqəli şəbəkələrdən getdikcə daha çox asılı olur.
Böyükmiqyaslı kiberinsidentin təsiri fiziki zədələnmə baş vermədən belə müxtəlif sektorlara yayıla bilər.
Buna görə kibertəhlükəsizlik tələbləri regional infrastruktur layihələrində tikinti başa çatdıqdan sonra deyil, layihələndirmə mərhələsindən nəzərə alınmalıdır.
Üç strateji tövsiyəBirincisi, Azərbaycan, Gürcüstan və Türkiyə kritik infrastrukturun dayanıqlılığı üzrə sistemli regional əməkdaşlıq mexanizmi yaratmalıdır.
Bunun üçün mürəkkəb və çevik olmayan idarəetmə strukturuna malik daha bir beynəlxalq təşkilat qurmağa ehtiyac yoxdur.
İşə energetika nazirliklərini, boru kəməri operatorlarını, nəqliyyat qurumlarını, telekommunikasiya tənzimləyicilərini, kibertəhlükəsizlik qurumlarını və müvafiq təhlükəsizlik strukturlarını birləşdirən praktiki əməkdaşlıq mexanizmi ilə başlamaq olar.
Risklərin məxfi qaydada qiymətləndirilməsi, insidentlər barədə təhlükəsiz məlumat mübadiləsi, böhran zamanı rabitənin təşkili və fəaliyyətin fasiləsizliyini təmin edən planların əlaqələndirilməsi bu mexanizmin prioritetləri olmalıdır.
Mövcud ikitərəfli və üçtərəfli əməkdaşlıq mexanizmləri bunun üçün əlverişli başlanğıc nöqtəsidir.
İkincisi, kritik infrastrukturun mühafizəsi fiziki təhlükəsizliyi, hava hücumundan müdafiəni və kibertəhlükəsizliyi birləşdirməlidir.
Qurumlar bir-birindən ayrı fəaliyyət göstərməklə müasir təhdidlərlə səmərəli mübarizə apara bilməz.
Erkən xəbərdarlıq, pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanları, ehtiyaca uyğun hava və raket hücumundan müdafiə, təhlükəsiz rabitə və sənaye sistemlərinin kibertəhlükəsizliyi risklərin idarə olunmasına vahid yanaşma əsasında nəzərdən keçirilməlidir.
Türkiyənin NATO üzvlüyü təlim və texniki əməkdaşlıq üçün mühüm imkanlar yaradır. Azərbaycan və Gürcüstan isə enerji infrastrukturunun təhlükəsizliyi, fövqəladə halların idarə edilməsi və regional bağlantılar sahəsində öz təcrübələri ilə töhfə verə bilər.
Məqsəd hər bir kommersiya obyektinin hərbiləşdirilməsi deyil, potensial hücumçuları çəkindirmək, infrastrukturun dayanıqlılığını və fəaliyyətinin sürətli bərpasını təmin etmək olmalıdır.
Üçüncüsü, regionda infrastrukturun dayanıqlılığı üzrə müntəzəm təlimləri və strateji investisiyaları əhatə edən birgə proqram hazırlanmalıdır.
Boru kəməri operatorları, limanlar, dəmir yolları, elektrik təchizatı müəssisələri, telekommunikasiya şirkətləri və dövlət qurumları birgə təlimlərdə iştirak etməlidir.
Ssenarilər enerji, nəqliyyat, rabitə və maliyyə xidmətlərinə eyni vaxtda təsir edən fəaliyyət pozuntularını əhatə etməlidir.
Təlimlər ölçülə bilən irəliləyişlərlə nəticələnməli, zəruri hallarda bu nəticələr müstəqil qaydada qiymətləndirilməlidir. Eyni zamanda, həssas əməliyyat məlumatlarının məxfiliyi qorunmalıdır.
Beynəlxalq maliyyə institutları, özəl investorlar və inkişaf bankları ehtiyat sistemlərin yaradılmasının, kibertəhlükəsizliyin gücləndirilməsinin, fövqəladə hallarda istifadə ediləcək sistemlərin qurulmasının və infrastrukturun modernləşdirilməsinin maliyyələşdirilməsinə kömək edə bilər.
Belə investisiyalara sadəcə təhlükəsizlik xərci kimi deyil, iqtisadi zərurət kimi baxılmalıdır.
Təhlükəsizlik təcridlə deyil, əməkdaşlıqla təmin olunurBundan daha geniş geosiyasi nəticə də çıxarmaq olar.
Azərbaycan, Gürcüstan və Türkiyə göstərib ki, enerji və nəqliyyat sahəsində əməkdaşlıq siyasi baxımdan mürəkkəb coğrafiyada uzunmüddətli iqtisadi əlaqələr yarada bilər.
Növbəti mərhələdə bu əməkdaşlıq dəhlizlərin qurulması ilə yanaşı, onların qorunmasını da əhatə etməlidir.
Xəzər–Qara dəniz regionu yalnız böyük güclərin qarşıdurma meydanına çevrilməməlidir. Ortaq infrastruktur layihələri region ölkələri arasında əməkdaşlığı, iqtisadi əlaqələri və birgə məsuliyyəti gücləndirə bilər.
Siyasi fikir ayrılıqları olan ölkələr üçün də qəzaların, infrastrukturun işində fasilələrin və bunların insanlara vuracağı zərərin qarşısını almaq vacibdir.
Kritik infrastrukturun qorunması insanların gündəlik həyatının davam etməsi üçün vacibdir. Xəstəxanaların elektriklə təmin olunması, zavodların işləməsi, yüklərin daşınması və ailələrin bir-biri ilə əlaqə saxlaması bundan asılıdır.
Ən uğurlu təhlükəsizlik strategiyası yalnız hücumun qarşısını alan strategiya deyil. O, böhran zamanı ölkənin və yerləşdiyi regionun fəaliyyətini davam etdirməsini də təmin etməlidir.
Azərbaycan, Gürcüstan və Türkiyə üçün Avropa ilə Asiyanı birləşdirən dəhlizlərin qorunması artıq yalnız iqtisadi prioritet deyil.
Bu, strateji məsuliyyətdir və onların regional sabitliyə verə biləcəyi ən mühüm töhfələrdən birinə çevrilə bilər.






