Serbiyada oktyabrın 25-də keçirilən növbədənkənar parlament seçkilərində tələbələrin yaratdığı “Tələbə Siyahısı” (“Studentska lista”) hərəkatı qalib gəlib. Bununla da ölkədə uzun illər hakimiyyətdə olan Aleksandar Vuçiçin rəhbərlik etdiyi siyasi qüvvə məğlubiyyətə uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Aleksandar Vuçiç seçkilərdə məğlub olduqlarını etiraf edərək tələbə hərəkatının parlamentdə çoxluq qazandığını açıqlayıb.
İlkin nəticələrə əsasən, “Tələbə Siyahısı” 250 yerlik parlamentdə 135–140 deputat mandatı əldə edə bilər. Vuçiçin rəhbərlik etdiyi siyasi qüvvənin isə təxminən 105 mandat qazanacağı gözlənilir.
Vuçiç bildirib ki, seçkilərin yekun rəsmi nəticələri hələ açıqlanmasa da, tələbələrin qələbəsi artıq aydındır.
Qeyd edək ki, “Tələbə Siyahısı” hərəkatı 2024-cü ilin noyabrında Novi Sad şəhərində dəmir yolu vağzalının örtüyünün çökməsi nəticəsində 16 nəfərin həyatını itirməsindən sonra başlayan kütləvi etirazlar fonunda formalaşıb.
Korrupsiya və dövlət idarəçiliyində şəffaflığın olmaması ilə bağlı ittihamlar səsləndirən tələbələr zamanla geniş ictimai dəstək qazanıblar. Hərəkat müxtəlif siyasi baxışlara malik şəxsləri, universitet müəllimlərini və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirib.
Seçki nəticələrinin açıqlanmasından sonra paytaxt Belqradda minlərlə insan küçələrə çıxaraq tələbə hərəkatının qələbəsini qeyd edib.
İlkin məlumatlara əsasən, seçici fəallığı təxminən 70 faiz olub. Bu, Serbiyada son onilliklərin ən yüksək göstəricilərindən biridir.




