Yaponiya hökuməti on milyonlarla insanın fərdi məlumatlarının sızmasına səbəb olan haker hücumları fonunda kibertəhlükəsizlik məsələləri üzrə xüsusi iclas keçirəcək.
Adalet.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara bildirib.
"Yaponiya şirkətlərinə edilən son kiberhücumlar bir sıra genişmiqyaslı məlumat sızmalarına, eləcə də oğurlanmış informasiyadan qanunsuz istifadə nəticəsində əlavə zərərə səbəb olub. Bu, vətəndaşların təhlükəsizliyinə xətər yetirir, buna görə də cavab tədbirlərinin görülməsi təxirəsalınmazdır", - o vurğulayıb.
Kiharanın sözlərinə görə, iclasda baş nazir Sanae Takaiçi, maliyyə naziri Satsuki Katayama, müdafiə naziri Şinciro Koizumi və digər idarələrin rəhbərləri iştirak edəcəklər.
2026-cı ilin ilk doqquz ayı ərzində Yaponiyada şirkətlərə, müəssisələrə və dövlət qurumlarına qarşı 600-dən çox kiberhücum qeydə alınıb. Bu göstərici 2025-ci il ərzindəki analoji insidentlərin ümumi sayından çoxdur.
Xüsusilə oktyabrın 22-də Yaponiyanın oyun tərtibatçısı olan "Capcom" bütün dünya üzrə 11,7 milyona qədər istifadəçinin məlumatlarının sızması barədə məlumat yayıb. Növbəti gün ölkənin ən iri nəqliyyat şirkətlərindən biri olan "Sagawa Express" 53,2 milyon müştərinin məlumatlarının təhlükəyə məruz qalması ehtimalını açıqlayıb.
Oktyabrın əvvəlində "Sky Ticket" aviabiletlərin bron edilməsi xidmətinin sisteminə icazəsiz giriş nəticəsində təxminən 14 milyon istifadəçinin məlumatlarının sızması baş verib.
Bundan əlavə, həmin ay "Burger King"in təxminən 11,18 milyon istifadəçisinin fərdi məlumatlarının ələ keçirildiyi məlum olub.



