Samux Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə rayonda kompleks mülki müdafiə təlimi keçirilib.
Modern.az xəbər verir ki, təlimdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, FHN-in Gəncə Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Ramin Orucov, FHN-in aidiyyəti yerli qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri, mülki müdafiə sahəsinə cavabdeh şəxslər, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.
Təlimin əsas məqsədi fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili, mülki müdafiə tədbirlərinin effektiv şəkildə həyata keçirilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, eləcə də xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin praktiki vərdişlərinin artırılması olub.
Əvvəlcə kompleks mülki müdafiə təlimi ilə əlaqədar müşavirə keçirilib. Müşavirədə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxışında təlimin əhəmiyyətini qeyd edərək, mülki müdafiə sahəsində aidiyyəti qurumların birgə və əlaqələndirilmiş fəaliyyətinin əhalinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirib.
FHN-in Gəncə Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Ramin Orucov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyətindən, bu sahədə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışaraq, aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.
Daha sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlim zamanı şərti irimiqyaslı fövqəladə hadisə şəraitində Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin təşkili, əməliyyat qərargahının fəaliyyəti, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üzrə praktiki tapşırıqlar icra olunub.
Təlim çərçivəsində iştirakçıların hazırlıq səviyyəsi, operativ qərar qəbuletmə və fövqəladə hadisələr zamanı çevik fəaliyyət imkanları yoxlanılıb.
Qarşıya qoyulan məqsədlərə nail olunmaqla başa çatan təlim mülki müdafiə qüvvələrinin hazırlığının artırılması, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi və fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi baxımından əhəmiyyət daşıyıb.

