Azərbaycanlı iqtisadçı-alim, hüquqşünas, Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin müşaviri Nazim Şükürov Dünya Bankı Qrupunun (World Bank Group) eksperti kimi “Business Ready 2026” layihəsinə verdiyi peşəkar töhfəyə görə təşəkkür sertifikatına layiq görülüb.
Modern.az xəbər verir ki, Dünya Bankı Qrupunun “Business Ready” bölməsinin meneceri Valeria Perotti tərəfindən təqdim olunan sertifikatda Nazim Şükürovun layihə çərçivəsindəki ekspert fəaliyyəti yüksək qiymətləndirilib. Nazim Şükürova ünvanlanan məktubda alimin fəaliyyətinin siyasət qərarlarının məlumatlandırılmasına və real dəyişikliklərin təşviqinə xidmət edən mühüm qlobal resursun formalaşmasına töhfə verdiyi vurğulanıb.
Qeyd edək ki, Nazim Şükürovun Dünya Bankının “Business Ready” layihəsində ekspert iştirakı Azərbaycanın biznes mühitinin beynəlxalq səviyyədə qiymətləndirilməsi baxımından da əhəmiyyət daşıyır. Belə ki, Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycan biznes subyektləri üçün maliyyə xidmətləri üzrə qiymətləndirilən 101 iqtisadiyyat arasında 87,16 balla birinci yeri tutub.
Nazim Şükürovun təqdim etdiyi məlumatlara əsasən, hesabatın digər istiqamətləri üzrə də Azərbaycan yüksək nəticələr göstərib. Ölkəmiz biznesə giriş üzrə 86,03, kommunal xidmətlər üzrə 83,05, vergitutma üzrə 67,81, mübahisələrin həlli üzrə isə 65,31 bal toplayıb.
“Business Ready” Dünya Bankı Qrupunun ölkələrdə biznes mühitini mikroiqtisadi səviyyədə qiymətləndirən əsas hesabatlarından biridir. Qiymətləndirmə biznesin yaradılması və inkişafı, investisiya mühiti, normativ-hüquqi baza, dövlət xidmətlərinin səmərəliliyi, maliyyə xidmətlərinə çıxış, rəqabət və innovasiya imkanları kimi istiqamətləri əhatə edir.

