Dünya · Modern.az

Quş qripi təhlükəsi böyüyür: insandan insana keçə bilərmi?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Quş qripi təhlükəsi böyüyür: insandan insana keçə bilərmi?
Quş qripi təhlükəsi böyüyür: insandan insana keçə bilərmi?

Dünyada H5N1 quş qripinə insan yoluxmasının daha bir halı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2003-cü ildən indiyədək təsdiqlənmiş yoluxma hallarının sayı 1005-ə çatıb. Ekspertlər vəziyyətin niyə narahatlıq doğurduğunu izah ediblər.

Modern.az xəbər verir ki, yeni yoluxma halı ABŞ-ın Vaşinqton ştatında süd fermasının əməkdaşında aşkarlanıb. Onun gözlərində qıcıqlanma və yuxarı tənəffüs yolları ilə bağlı simptomlar müşahidə olunub. Fermadakı inəklərdə də eyni virus ştammı aşkarlanıb.

Mütəxəssislərin sözlərinə görə, son beş ildə virusun coğrafiyası xeyli genişlənib. H5N1 Şimali və Cənubi Amerikada yayılıb, Avropa və Şimali Amerikada isə vəhşi quşlar arasında uzunmüddətli epidemiyalar qeydə alınıb. Virus əvvəllər yoluxdurmadığı bir sıra vəhşi məməli heyvan növlərinə də keçib.

23 sentyabr 2026-cı il tarixinə olan məlumata görə, ABŞ-da son iki ildə virus 1177 süd fermasına yayılıb. Bu ilin əvvəlində isə H5N1 ilk dəfə Niderlandda süd inəklərində aşkarlanıb.

Hazırda virusun insandan insana keçmə riski çox aşağıdır. Quş əti, yumurta, mal əti və süd məhsulları vasitəsilə yoluxma ehtimalı da azdır. Pasterizasiya virusu məhv edir. Lakin yoluxmuş heyvanın çiy südünün istehlakı təhlükəli ola bilər.

Əsas risk qrupuna fermalarda çalışanlar və mal-qaraya qulluq edənlər daxildir. Pişiklərdə də bir neçə yoluxma halı qeydə alındığından, gələcəkdə ev heyvanı sahiblərinin də risk qrupuna daxil olması istisna edilmir.

Alimlər virusun məməlilər arasında yayılmasını artıq təsdiqlənmiş fakt hesab edirlər. 2022-ci ildə İspaniyada, 2023-cü ildə isə Finlandiyada xəzli heyvan fermalarında yoluxma halları qeydə alınıb.

Ekspertlər bildirirlər ki, bəzi yoluxmalar simptomsuz və ya yüngül keçdiyindən statistikaya düşməyə bilər. Məsələn, 2024-cü ildə Miçiqan və Koloradoda aparılan araşdırmada fermaların 115 əməkdaşından 8-də H5 virusuna qarşı anticisimlər aşkarlanıb. Onlardan dördü xəstələndiyini belə bilməyib.

Genetiklərin fikrincə, virusun insanlar arasında birbaşa ötürülmə qabiliyyəti qazanması üçün bir neçə mutasiya kifayət edə bilər. H5N1-ə yoluxma zamanı ölüm göstəricisinin 30-40 faiz olduğu bildirilir. Bununla belə, testlərin geniş tətbiq edilməməsi səbəbindən statistikada əsasən ağır hallar əks oluna bilər.

Ekspertlər hesab edirlər ki, hazırda pandemiyanın başladığını göstərən heç bir sübut yoxdur. Lakin virusun məməlilər arasında uzun müddət yayılması onun mutasiyaya uğraması və insanlara uyğunlaşması riskini artırır.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑