Dünya · Modern.az

Pentaqon "dünyanın sonu" üçün bazalar hazırlayır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pentaqon "dünyanın sonu" üçün bazalar hazırlayır
Pentaqon "dünyanın sonu" üçün bazalar hazırlayır

Pentaqon ABŞ ərazisindəki böyük hərbi bazaları genişmiqyaslı müharibə ssenarisinə hazırlayır. Bu ssenariyə mülki elektrik şəbəkələrinin, rabitə sistemlərinin və təchizat zəncirlərinin sıradan çıxması daxildir.

Modern.az xəbər verir ki, bu barədə “Fox News” ABŞ Müdafiə Nazirliyinin sənədlərinə istinadən məlumat yayıb. Söhbət FORTRESS proqramından gedir. Proqram ciddi mülki infrastruktur problemləri yaranacağı təqdirdə belə, ABŞ hərbi qüvvələrinin fəaliyyətini davam etdirməsini təmin etməlidir.

Plana əsasən, ABŞ-ın kontinental hissəsindəki hər bir böyük hərbi baza 90 gün ərzində elektrik enerjisi, su, yanacaq və rabitə ilə müstəqil şəkildə təmin olunmaq imkanına malik olmalıdır. Bunun üçün portativ nüvə reaktorlarından, böyük akkumulyator sistemlərindən və müstəqil yerli enerji şəbəkələrindən istifadə imkanları nəzərdən keçirilir.

Pentaqonun baş sözçüsü Şon Parnell bildirib:

“Milli müdafiəni təmin etmək üçün standart mülki və bələdiyyə infrastrukturundan asılı olmaq istəmirik. Biz bunu edə bilmərik. Bu, qəbuledilməz riskdir”.

Onun sözlərinə görə, elektrik enerjisi hazırda müharibənin aparılmasının əsasını təşkil edir.

“Elektrik enerjisi olmadıqda rabitəni, su təchizatını, logistikanı, istehsal xətlərini və hətta hərbi komandanlığın əsas strukturlarını itirirsiniz”, — deyə Parnell vurğulayıb.

Planın ayrıca bir hissəsi sənaye sektoruna aiddir. Pentaqon genişmiqyaslı müharibə baş verəcəyi təqdirdə qısa müddətdə müdafiə sənayesi istehsalına keçə biləcək mülki müəssisələri əvvəlcədən müəyyənləşdirmək istəyir.

Bunun üçün ehtiyat istehsal gücləri şəbəkəsinin yaradılması nəzərdə tutulur. Mümkün böhrandan əvvəl belə zavodlar üçün texniki tələblər, müqavilə şərtləri, kibertəhlükəsizlik qaydaları və hərbi istehsala keçid prosedurları müəyyənləşdiriləcək.

Pentaqon həmçinin müəssisələrin uzunmüddətli fasilələr zamanı zəruri məhsulların istehsalını davam etdirə bilib-bilməyəcəyini yoxlamaq üçün istehsal üzrə stress-testlər və səfərbərlik təlimləri keçirməyi planlaşdırır.

Ən vacib hərbi ehtiyaclar üzrə ən azı iki müstəqil təchizat və ya istehsal mənbəyinin olması nəzərdə tutulur. Məqsəd təchizatçılardan birinin sıradan çıxmasının hərbi əməliyyatları dayandırmasının qarşısını almaqdır.

Strateji ehtiyatlara aşağıdakılar daxil ediləcək:

·         sursat və yanacaq;

·         kritik əhəmiyyətli minerallar;

·         elektron komponentlər;

·         ehtiyat hissələri;

·         dərman vasitələri.

Proqram GPS siqnallarının bloklanması və ya digər kosmik sistemlərin işinin pozulması halında peyk rabitəsinin və hərbi naviqasiyanın qorunmasını da nəzərdə tutur.

ABŞ müdafiə naziri Pit Heqset “Fortress America” proqramına sentyabrın 30-da imzaladığı memorandumla rəsmən start verib. Proqramın məqsədi “aclıqla üzləşdirilməsi, fəaliyyəti dayandırılması və ya xarici dünyadan təcrid edilməsi mümkün olmayan bir vətən” yaratmaq kimi təsvir olunub.

Proqram beş əsas istiqaməti əhatə edir:

Enerji müstəqilliyi.

Təchizat zəncirlərinin qorunması.

Strateji ehtiyatların yaradılması.

Hərbi obyektlərin mühafizəsi.

Kosmik və elektromaqnit mühitində dayanıqlığın təmin edilməsi.

“Belə qərarlar bir neçə cəbhədə qlobal münaqişə artıq qızğın mərhələyə çatdıqdan sonra qəbul edilə bilməz. Bizə plan lazımdır”, — deyə Parnell bildirib.

Pentaqonun böhran ssenarilərinə hazırlığı Yaxın Şərqdə vəziyyətin gərginləşdiyi bir dövrə təsadüf edir. Daha əvvəl ABŞ İordaniya, Qətər və Küveytdəki bazalarından bəzi hərbçilərini başqa yerlərə köçürməyə, eləcə də regiondakı diplomatik personalının sayını azaltmağa başlayıb.

Amerikalı rəsmilər bu tədbirləri İran tərəfindən yaranan təhdidlər və genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması riski ilə əlaqələndiriblər. Tehran tərəfindən dəstəklənən husilərin Səudiyyə Ərəbistanındakı mülki hava limanlarına və kritik infrastruktura hücumları da əlavə təhlükə yaradır.

ABŞ Mərkəzi Komandanlığının açıqlamasına görə, hərbçilərin və hərbi texnikanın yerdəyişməsi döyüş hazırlığını qorumaq, həmçinin regiondakı amerikalı şəxsi heyəti və ABŞ-ın maraqlarını müdafiə etmək məqsədi daşıyır.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑