Ermənistanın Baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı ilə bağlı açıqlaması onun komandasının üzvləri arasında narahatlıq yaradıb.
Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Oktyabrın 22-də keçirdiyi brifinqdə Paşinyan növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etməyib. Nəşrin məlumatına görə, baş nazir bu addımla iyunun 7-də keçirilən seçkilərdə 49,81 faiz səs toplamış “Vətəndaş müqaviləsi” partiyasının nəticələrini yaxşılaşdırmağa və yeni Konstitusiyanın qəbulunu təmin etməyə çalışa bilər.
Qəzet yazır ki, növbədənkənar seçkilər ehtimalı ilə müxalifətə təzyiq göstərmək cəhdi nəticə verməyib, əksinə, hakim partiyanın daxilində çaşqınlıq yaradıb.
“Hraparak”ın yazdığına görə, əslində Paşinyanın növbədənkənar seçkilərlə bağlı təhdidi rəsmi Bakını Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbindən imtina etməyə hesablanıb.
Çünki yeni seçkilər keçiriləcəyi təqdirdə hakim “Vətəndaş müqaviləsi” partiyasının hakimiyyəti itirmək riski var. Paşinyan bununla demək istəyib ki, növbədənkənar seçkilər revanşist qüvvələri hakimiyyətə gətirə bilər.
“Hraparak”ın qənaətinə görə, Ermənistanın hakim dairələrində hesab edirlər ki, Bakı da müxalifət qüvvələrinin hakimiyyətə gəlməsi ehtimalını nəzərə alacaq. Azərbaycanda həmin qüvvələr “revanşistlər” adlandırılır.
Qəzetin yazdığına görə, belə bir ssenari reallaşarsa, hazırda əldə olunmuş razılaşmaların həyata keçirilməsi sual altına düşə bilər.
Xatırladaq ki, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün bu ölkənin Konstitusiyasının dəyişdirilməsini şərt kimi irəli sürür.
Konstitusiya dəyişikliklərinin edilməsi və ya referendumun təşkili üçün Ermənistan hakimiyyətinin parlamentdə deputatların üçdə iki səsini əldə etməsi tələb olunur.
2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, səslərin 49,81 faizini qazanan “Vətəndaş müqaviləsi” partiyası Konstitusiyaya dəyişikliklər etmək üçün tələb olunan konstitusion çoxluğu əldə edə bilməyib.




