Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İŞİD terror təşkilatının üzvü olan Uğur Bahadırı Əfqanıstan-Pakistan bölgəsində keçirdiyi əməliyyat nəticəsində saxlayaraq Türkiyəyə gətirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin təhlükəsizlik mənbələri məlumat yayıb.
Məlumata görə, MİT-in kəşfiyyat fəaliyyəti nəticəsində “Abdullah” kod adlı terrorçu Uğur Bahadırın Türkiyədən Əfqanıstan-Pakistan bölgəsinə keçdiyi müəyyən edilib.
Onun həmin ərazidə İŞİD-ə məxsus bir neçə düşərgədə müxtəlif vəzifələri yerinə yetirdiyi məlum olub. Bundan sonra onun saxlanılması üçün əməliyyata başlanılıb.
Keçirilən əməliyyat nəticəsində yaxalanaraq Türkiyəyə gətirilən Uğur Bahadır ilkin ifadəsində təşkilatın fəaliyyəti ilə bağlı mühüm məlumatlar verib.
Uğur Bahadır 2024-cü ildə Türkiyədən Əfqanıstan-Pakistan bölgəsinə keçərək İŞİD-ə qoşulub.
Onu terror təşkilatına yönləndirən Türkiyə əsilli şəxsin isə 2025-ci ilin əvvəlində saxlanılan “Abu Yasir Al Turki” kod adlı Özgür Altun olduğu müəyyən edilib.
Araşdırmalar zamanı Altunun Türkiyədən Əfqanıstan-Pakistan bölgəsinə terror təşkilatının üzvlərinin göndərilməsində fəal rol oynadığı üzə çıxıb.
MİT-in apardığı əməliyyat və kəşfiyyat fəaliyyəti nəticəsində İŞİD-in Türkiyəyə qarşı planlaşdırdığı terror aktlarının qarşısının alındığı bildirilib.




