Səudiyyə Ərəbistanının Türkiyəyə öz ərazisində hərbi baza yaratmağı təklif etdiyi bildirilir. Yeni bazanın Qətərdəki Türkiyə hərbi bazasının modelinə uyğun qurulması ehtimalı müzakirə olunur. Bu təklif Türkiyənin Yaxın Şərqdə hərbi mövcudluğunun genişlənməsi, xaricdəki hərbi kontingentlərinin sayı və belə yerləşdirmələrin maliyyə yükünün hansı ölkənin üzərinə düşəcəyi ilə bağlı suallar yaradır.
Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Sfera.az-a açıqlamasında bildirib ki, Türkiyənin müxtəlif ölkələrdə hərbi qüvvələri, təlim mərkəzləri və birgə hərbi obyektləri mövcuddur.
Onun sözlərinə görə, bu obyektlərin hamısını eyni mənada hərbi baza adlandırmaq düzgün deyil.

M.Sadəddinov qeyd edib ki, Türkiyənin Şimali Kiprdə daimi hərbi kontingenti yerləşdirilib. Onun fikrincə, İraq və Suriyada da müxtəlif məntəqələrdə Türkiyə hərbçiləri fəaliyyət göstərir:
“Qətərdə isə iki ölkənin birgə hərbi komandanlığı və hərbi kontingenti mövcuddur. Türkiyənin Somalidə və Liviyada təlim bazaları var. Bundan başqa, Albaniyanın hərbi-dəniz bazasından da Türkiyə istifadə edir. Kosovo istiqamətində isə Türkiyənin NATO çərçivəsində hərbi iştirakı olub. Azərbaycanda da Türkiyə ilə birgə hərbi təlimlər və kurslar keçirilsə də, ölkəmizdə Türkiyəyə məxsus hərbi baza yoxdur”.
Səudiyyə Ərəbistanında mümkün hərbi bazanın yaradılmasının Türkiyənin müdafiə xərclərinə təsirinə gəlincə, M.Sadəddinov hesab edir ki, bu məsələdə əsas maliyyə yükü ev sahibi ölkənin üzərinə düşə bilər:
“Əgər gələcəkdə Səudiyyə Ərəbistanında Türkiyənin hərbi bazası yaradılarsa, çox güman ki, onun maliyyə tərəfini Səudiyyə Ərəbistanı qarşılayacaq. Ona görə də bunun Türkiyənin hərbi xərclərinin artmasına səbəb olacağını düşünmürəm”.
Ekspert deyib ki, Səudiyyə Ərəbistanının təklifinin reallaşması Türkiyənin xaricdəki hərbi mövcudluğuna yeni istiqamət əlavə edə bilər. O bildirib ki, bazanın yaradılması ilə bağlı maliyyə və təşkilati şərtlər hələ dəqiqləşdirilməlidir.
İradə Elsevər




