Ölkə · Modern.az

Müstəqilliyin 35-ci ilində yeni mərhələ: Azərbaycanın C6 sədrliyi nə vəd edir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Müstəqilliyin 35-ci ilində yeni mərhələ: Azərbaycanın C6 sədrliyi nə vəd edir?
Müstəqilliyin 35-ci ilində yeni mərhələ: Azərbaycanın C6 sədrliyi nə vəd edir?

Azərbaycanın 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrliyi və növbəti zirvəyə ev sahibliyi etməsi ölkəmizin regionla münasibətlərində yeni mərhələ açır. İştirakçı dövlətlərin yekdil dəstəyi bu münasibətlərdə qardaşlıq və dostluqla yanaşı, Azərbaycanın əməkdaşlığı əlaqələndirmək imkanlarına etimadın da mühüm yer tutduğunu göstərir.

Modern.az qeyd edir ki, bu qərarın əhəmiyyətini anlamaq üçün Azərbaycanın formata qoşulmasının mərhələlərinə nəzər salmaq kifayətdir.

İlk Məşvərət görüşü 2018-ci ildə Astanada keçirilib. Prezident İlham Əliyev 2023 və 2024-cü illərdə beşinci və altıncı görüşlərdə fəxri qonaq qismində iştirak edib. 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən yeddinci görüşdə isə Azərbaycanın tamhüquqlu iştirakı haqqında qərar qəbul olunub. Beləliklə, əvvəllər C5 kimi tanınan əməkdaşlıq formatı Azərbaycanın qoşulması ilə C6 miqyası qazanıb.

Bu proses 2026-cı il iyulun 31-də Çolpon-Atada keçirilən qeyri-rəsmi Məşvərət görüşü və onun yekunlarına dair bəyannamənin imzalanması ilə davam edib. Azərbaycanın qarşıdakı sədrliyi həmin siyasi yaxınlaşmanın daha sistemli əməkdaşlığa çevrilməsi üçün imkan yaradır. Qırğızıstan Prezidenti Sadır Japarov da Avaza görüşündə Azərbaycanın ilk sədrliyinin birgə fəaliyyətə yeni təkan verəcəyini bildirib.

Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın bir hissəsi deyil. Lakin Xəzər dənizi, tarixi-mədəni əlaqələr və iqtisadi maraqlar ölkəmizi regionla sıx bağlayır. Eyni platformada təmsilçilik Xəzərin iki sahili arasında mövcud münasibətlərin dövlət başçıları səviyyəsində müntəzəm əlaqələndirilməsinə şərait yaradır. Bu, həm ikitərəfli layihələrin, həm də bir neçə ölkənin iştirakını tələb edən təşəbbüslərin irəliləməsi üçün əhəmiyyətlidir.

2026-cı ildə Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin müstəqilliyinin 35 illiyinin tamam olması bu əməkdaşlığa ayrıca tarixi məna verir. Otuz beş il əvvəl həmin ölkələr dövlət institutlarının qurulması, iqtisadiyyatın yenidən təşkili və beynəlxalq münasibətlərdə öz yerinin müəyyənləşdirilməsi kimi mürəkkəb vəzifələrlə üzləşmişdilər. Hər biri fərqli imkanlar və çətinliklər şəraitində öz inkişaf yolunu keçib. Bu gün isə ortaq maraqlar əsasında regional gündəlik formalaşdırırlar.

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Sovet İttifaqı dağılanda Rusiyada bəzi analitiklərin keçmiş respublikalar haqqında belə düşündüyünü bildirmişdi:

“Bu respublikalar məhv olacaq. Onlar mərkəz olmadan yaşaya bilməyəcəklər”. Prezident bu proqnozların doğrulmadığını, ölkələrin fərqli rifah səviyyələrinə baxmayaraq müstəqil həyatlarını davam etdirdiklərini vurğulamışdı.

C6 çərçivəsində yaxınlaşma müstəqilliyin yaratdığı qərarvermə imkanının praktik ifadəsidir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan əməkdaşlığın istiqamətlərini öz maraqları əsasında müəyyənləşdirirlər. Bu dövlətlərin iqtisadi imkanları, nəqliyyat bağlantıları və beynəlxalq tərəfdaşlıqları bir-birini tamamlaya bilər.

Avazada səslənən iqtisadi göstəricilər həmin potensialın artıq real əlaqələrə çevrildiyini göstərir. Prezident İlham Əliyevin məlumatına görə, 2025-ci ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Azərbaycanda region ölkələrinin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondlarının hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir.

Bu rəqəmlərin ardınca Prezident əməkdaşlığın növbəti istiqamətini dəqiq ifadə edib: “Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq”.

Bu yanaşma münasibətlərin iqtisadi məzmununu genişləndirir. Qarşılıqlı mal alıb-satmaqla yanaşı, birgə müəssisələr yaratmaq, istehsal imkanlarını bölüşmək və üçüncü ölkələrin bazarlarına çıxmaq daha uzunmüddətli əlaqələr formalaşdıra bilər. İnvestisiya fondlarının potensialından fəal istifadə olunması bu məqsədlər üçün maliyyə imkanları yaradır.

Nəqliyyat və logistika həmin əməkdaşlığın əsas dayaqlarındandır. Azərbaycanın limanları, dəmir və avtomobil yolları Mərkəzi Asiya ölkələrinin qərb istiqamətində beynəlxalq bazarlara çıxışında mühüm rol oynayır. Prezidentin Avazada açıqladığı göstəricilərə əsasən, Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcmi 2025-ci ildə 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb.

Yük axınının böyüməsi infrastrukturla yanaşı, idarəetmənin də uzlaşdırılmasını tələb edir. Tariflərin əlaqələndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal məlumat mübadiləsi daşınmaların sürətinə və maya dəyərinə təsir göstərir. Məşvərət formatı bu məsələlərin birgə müzakirəsi üçün siyasi imkanları genişləndirir. “Rəqəmsal İpək Yolu” və Xəzərin dibi ilə fiber-optik xətlər üzrə işlər isə əlaqələrin rəqəmsal istiqamətini gücləndirir.

Energetikada da oxşar qarşılıqlı tamamlanma mövcuddur. Türkmənistan və Qazaxıstan nefti Azərbaycan vasitəsilə nəql olunur. Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması üzrə birgə iş aparılır. Belə layihələr ənənəvi enerji daşımalarının yanında yeni əməkdaşlıq istiqamətləri açır.

Siyasi etimadın humanitar tərəfi də konkret nümunələrdə görünür. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi, Türkmənistanın təşəbbüsü ilə Füzulidə məscidin tikilməsi azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyini ifadə edir. Bu layihələr dövlətlərarası münasibətləri insanların gündəlik həyatı ilə bağlayır.

Əməkdaşlığın davamlılığı üçün sülh, təhlükəsizlik və sabitlik əsas şərtdir. Prezident İlham Əliyev də Avaza çıxışında siyasi və iqtisadi sabitliyi əldə olunan nailiyyətlərin təməli kimi qiymətləndirib. Uzunmüddətli sərmayə, etibarlı nəqliyyat marşrutları və birgə istehsal məhz proqnozlaşdırılan şəraitdə inkişaf edir.

Azərbaycanın 2027-ci il sədrliyi bu geniş gündəliyin konkret nəticələrə çevrilməsi üçün fürsətdir. Ölkəmizə göstərilən etimad həm də məsuliyyət yaradır: razılaşdırılan təşəbbüslərin icrasını təşviq etmək, iqtisadi əlaqələri dərinləşdirmək və əməkdaşlığın faydasını vətəndaşların rifahında hiss etdirmək. Müstəqilliyin 35-ci ilində formalaşan bu yeni mərhələnin dəyəri də həmin nəticələrlə müəyyənləşəcək.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑