Hadisə · Modern.az

Cəbrayılda minaya düşən ata-oğul ŞƏHİD AİLƏSİDİR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Cəbrayılda minaya düşən ata-oğul ŞƏHİD AİLƏSİDİR
Cəbrayılda minaya düşən ata-oğul ŞƏHİD AİLƏSİDİR

Bu gün - oktyabrın 8-də işğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində minaya düşən ata-oğul şəhid ailəsidir.

Əvvəlcə 2000-ci il təvəllüdlü oğul Orxan Qəhrəmanov kənd ərazisində mal-qara otararkən piyada əleyhinə minaya düşüb və ağır xəsarətlər alıb.

Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılan Orxan Qəhrəmanova sağ saidin yuxarı 1/3 hissəsinin əl ilə birlikdə travmatik amputasiyası, sol baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sağ budun bütünlüklə çanaq nahiyəsinə qədər didilmiş-dağılmış yarası və geniş toxuma defekti diaqnozu təyin olunub.

Daha sonra elə həmin ərazidə onun atası 1966-cı il təvəllüdlü Əşrəf Qəhrəmanov piyada əleyhinə mina partlayışının qurbanı olub. Ə.Qəhrəmanovun partlayış zamanı bir ayağını itirdiyi bildirilir.

Modern.az-a verilən məlumata görə, Əşrəf Qəhrəmanov oğlunun partlayış ərazisinə qopub düşmüş sağ qolunu götürməyə gedərkən minaya düşüb.

Qeyd edək ki, Qəhrəmanovlar ailəsinin böyük oğlu – 1994-cü il təvəllüdlü Ruhin Qəhrəmanov 2016-cı il aprelin 2-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi istiqamətindəki Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə (Aprel döyüşləri) qəhrəmancasına şəhid olub. Ölümündən sonra R.Qəhrəmanov "İgidliyə görə" medalı ilə təltif edilib.

Şəhid Ruhin Qəhrəmanov Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE), kiçik çavuşu idi. Yeri gəlmişkən, Ruhin Qəhrəmanovun ortancıl qardaşı - Qəhrəman Qəhrəmanov da Aprel döyüşləri zamanı onunla birgə iştirak edib. 

Şəhidin atası – bu gün minaya düşərək xəsarət alan Əşrəf Qəhrəmanovun özü də Birinci Qarabağ müharibəsinin qazisidir.


A.Qorxmaz

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑