Dünya · Modern.az

ABŞ, Rusiya və Çin liderləri görüşə bilər - Avropa narahatdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ, Rusiya və Çin liderləri görüşə bilər - Avropa narahatdır
ABŞ, Rusiya və Çin liderləri görüşə bilər - Avropa narahatdır

Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpinlə Çinin Şençjen şəhərində üçtərəfli görüş keçirmək təklifi dünya siyasətinin qaydalarını köklü şəkildə dəyişə bilər.

Modern.az xəbər verir ki, “The Wall Street Journal” nəşrinin yazdığına görə, bu təşəbbüs Qərbdə ciddi narahatlıq yaradıb.

“Vladimir Zelenskinin iştirakı olmadan keçiriləcək belə bir sammit misli görünməmiş hadisə və Avropanın paytaxtlarında, eləcə də ondan kənarda təşvişə səbəb olardı”, — deyə qəzet qeyd edir.

Noyabrda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) forumu çərçivəsində belə bir görüşün baş tutması qlobal güc balansında ciddi dəyişikliklərə işarə edə bilər. Vaşinqton üçün bu, diplomatik səylərin nəticəsiz qaldığı bir vaxtda münaqişənin başa çatmasını sürətləndirmək imkanı, Pekin üçün isə əsas qlobal oyunçu statusunu gücləndirmək fürsətidir.

“Çin böyük dövlətlər arasındakı münasibətlərdə əsas fiqur, bəlkə də vasitəçi kimi qəbul olunmaq istəyir”, — deyə Stimson Center analitik mərkəzinin Çin proqramının direktoru Yun Sun Pekinin motivlərini izah edib.

Sammitin keçirilməsi ehtimalı Avropada xüsusi narahatlıq doğurur. Belə bir görüş böyük dövlətlərin regionun gələcəyini avropalı rəsmilərin və Ukrayna rəhbərliyinin iştirakı olmadan müzakirə edə biləcəyini nümayiş etdirə bilər.

“Rusiya, ABŞ və Çin liderlərinin bir ölkənin taleyini müzakirə etməsi mənzərəsinin özü güclü siqnal olardı”, — deyə “The Wall Street Journal” yazır.

Nəşrin qiymətləndirməsinə görə, mümkün görüş beynəlxalq münasibətlərin köhnə sisteminin süqutunu və qlobal məsələlərin yalnız böyük güclər dairəsində həll olunduğu yeni dövrün başlanmasını simvolizə edə bilər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu gün jurnalistlərə açıqlamasında bildirib ki, hər üç dövlət başçısının Çində keçiriləcək APEC sammitində iştirakı mümkündür. Buna görə də üçtərəfli görüş məsələsi həqiqətən gündəmə gətirilib.

“Lakin nə görüşün özü, nə də onun mümkün gündəliyi və məzmunu ilə bağlı konkret təkliflər irəli sürülüb və ya razılaşmalar əldə olunub”, — deyə Peskov vurğulayıb.

Kremlin mətbuat xidmətinin rəhbəri Qərb mediasının üç liderin Ukrayna münaqişəsini Kiyevin iştirakı olmadan həll etmək istədiyi barədə iddialarını da təkzib edib.

“Əlbəttə, üzərinə məsuliyyət götürməyə hazır olan Kiyev nümayəndələrinin iştirakı olmadan yekun nizamlanma mümkün deyil”, — deyə Peskov jurnalistlərə bildirib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑