Cənubi Afrika Respublikasından olan yazıçı süni intellektdən istifadə edərək 20 ay ərzində 371 kitab ərsəyə gətirib və milyonçu olub.
Lent.az xəbər verir ki, bu barədə EWN radiostansiyası məlumat yayıb.
Koral Hart təxəllüsü ilə fəaliyyət göstərən qadın süni intellekt texnologiyalarının köməyi ilə bir milyon dollardan çox gəlir əldə etdiyini bildirib.
Yazıçı 2025-ci ilin fevralından etibarən ədəbi əsərlərin hazırlanmasında süni intellektdən istifadə etməyə başlayıb. Həmin vaxta qədər o, artıq 14 il nəşriyyat sahəsində çalışıb və müstəqil şəkildə onlarla kitab yazıb.
Məlumata görə, onun əsərlərinin ümumi satış sayı bir milyon nüsxəni ötüb. Yazıçının təkcə 2026-cı ildə əldə etdiyi gəlir isə bir milyon dollardan çox olub.
Hart öz mətn yaratma sistemini hazırlamaq üçün təxminən üç ay vaxt sərf edib. Bu müddətdə müxtəlif süni intellekt proqramlarının imkanlarını araşdıraraq kitabların hazırlanması prosesini sistemləşdirib.
Hazırda süni intellektə bir romanın ilkin variantını hazırlamaq üçün cəmi 45 dəqiqə kifayət edir.

Lakin yazıçı yaradıcılıq prosesini tamamilə texnologiyaya həvalə etmir. Əsərin süjetini qurmaq, obrazların xarakterlərini müəyyənləşdirmək, nəql üslubunu seçmək və hər fəslin ətraflı planını hazırlamaq onun öz üzərinə düşür.
Süni intellektin hazırladığı mətn bir neçə mərhələdən ibarət redaktə prosesindən keçir.
Əvvəlcə süni intellekt əsəri iki dəfə redaktə edərək süjetdəki uyğunsuzluqları və digər çatışmazlıqları aradan qaldırır. Daha sonra mətn insan redaktor tərəfindən yoxlanılır və maşın tərəfindən yaradılmış mətnə xas xüsusiyyətlər düzəldilir.
Yalnız bundan sonra kitab nəşrə göndərilir.
Qeyd edək ki, yazıçının kitab sayı və qazancı ilə bağlı göstəricilər onun açıqlamalarına əsaslanır. Daha əvvəl yayılan məlumatlarda Hartın 2025-ci ildə 200-dən çox roman nəşr etdirdiyi və altırəqəmli gəlir əldə etdiyi bildirilirdi. 371 kitab və bir milyon dollardan artıq gəlir barədə yeni rəqəmlər müstəqil şəkildə təsdiqlənməyib.


