50 yaşlı keçmiş dünya futbol ulduzu Klarens Zeedorf məşqçilik karyerasına yenidən başlayıb və Braziliyanın "Korintians" klubunun sükanı arxasına keçib.
Lent.az xəbər verir ki, "Xalq komandası" artıq hollandiyalı mütəxəssisin klublarının baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Son yeddi ildir məşqçilik etməyən Zeedorf "muşketyorlar"la 2027-ci ilin sonuna qədər müqavilə imzalayıb.
"Bu çağırışı qəbul etmək böyük şərəfdir, eyni zamanda böyük bir məsuliyyətdir. Mən burada hər şeyimi vermək və hər top, hər dəqiqə və hər qələbə uğrunda mübarizə aparacaq bir komanda qurmaq üçün gəlmişəm", - Klarens Zeedorf bildirib.
"Korintians" Zeedorfun beşinci məşqçilik vəzifəsidir. O, əvvəllər "Milan"da (2014-cü il), "Şençjen"də (2016-cı il) və "Deportivo"da (2018-ci il), eləcə də Kamerun millisində (2018-2019-cu illər) çalışıb.
Braziliya çempionatında 29 oyundan sonra "Korintians" hazırda 32 xalla 16-cı yerdədir. Zeedorfun yeni vəzifəsində debütü oktyabrın 20-də, komandasının evdə "Palmeyras"la qarşılaşacağı vaxta planlaşdırılıb.




