Dünya · Konkret.az

“Musa yəhudiləri Misirdən çıxardı, Stalin isə Siyasi Bürodan” – Radekin təhlükəli yumoru | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Musa yəhudiləri Misirdən çıxardı, Stalin isə Siyasi Bürodan” – Radekin təhlükəli yumoru | KONKRET xəbəri üçün şəkil

Karl Radek (1885–1939)

Şayiələrə görə, bolşevik partiyasında Karl Radek qədər kinayəli, hazırcavab və iti yumorlu adam az olub. Köhnə bolşevik, jurnalist və siyasi xadim kimi tanınan Radek partiya daxilində təkcə siyasi mövqeyi ilə deyil, həm də yaratdığı lətifələrlə məşhur idi. Hətta dövrün bir çox siyasi lətifəsinin müəllifi də məhz onun olduğu deyilirdi.

Qərbə mühacirət etmiş, 1923–1927-ci illərdə Stalinin şəxsi katibi işləmiş Boris Bajanov da xatirələrində Radekin bu xüsusiyyətindən bəhs edir.

Bajanovun sözlərinə görə, sovet və antisovet lətifələrinin xeyli hissəsini Radek uydururdu. Onun danışdığı lətifələrdən ikisi xüsusilə diqqətçəkəndir.

Birinci lətifə Moskvada yaşayan iki yəhudinin söhbəti haqqındadır. Onlardan biri qəzetdə maliyyə komissarı vəzifəsinə Bryuxanov adlı şəxsin təyin edildiyini oxuyaraq dostundan soruşur:

– Abram Osipoviç, maliyyə komissarı vəzifəsinə hansısa Bryuxanov təyin olunub. Görəsən, onun əsl familiyası nədir?

Abram Osipoviç cavab verir:

– Elə Bryuxanov da onun əsl familiyasıdır.

(Qeyd edək ki, Nikolay Bryuxanov 1926–1930-cu illərdə SSRİ maliyyə komissarı olub, 1938-ci ildə repressiyaya məruz qalaraq güllələnib.)

Radekin digər lətifəsi isə Stalinin Trotski və Zinovyevi Siyasi Bürodan uzaqlaşdırdığı dövrə təsadüf edir.

Radek Bajanovla görüşərkən ondan soruşur:

– Yoldaş Bajanov, Stalinlə Musa arasında nə fərq olduğunu bilirsinizmi?

Bajanov cavab verə bilmir.

Radek isə dərhal izah edir:

– Böyük fərq var. Musa yəhudiləri Misirdən çıxardı, Stalin isə Siyasi Bürodan.

Bu lətifə Radekin siyasi hadisələri necə incə istehza ilə ifadə etdiyini göstərir.

Radekin səfirə son sözü

Bir dəfə Radek vətənə qayıdan bir səfiri yola salır. Belorus vağzalında səfir və onu yola salmağa gələnlər arasında səmimi söhbət gedir. Lakin qatarın yola düşməsinə beş dəqiqə qaldığını bildirən fit səslənəndə, belə məqamlarda olduğu kimi, söhbətə qəfil sükut çökür.

Yaranmış vəziyyəti yumşaltmaq istəyən səfir Radekə müraciət edir:

– Cənab Radek, vidalaşmazdan əvvəl bizi təzə bir lətifə ilə sevindirməzdinizmi?

– Məmnuniyyətlə! – Radek cavab verir. – Məsələn, bilirsinizmi, mənim arvadımla sizin arvadınız arasında nə fərq var?

– Xeyr! – deyə səfir maraqla cavab verir və məzəli bir söz eşitmək üçün gözləyir.

Elə həmin anda qatar tərpənir, yavaş-yavaş sürətini artırmağa başlayır.

Radek isə vidalaşmaq üçün əlini yelləyərək, sözləri aramla, sanki hecalayaraq deyir:

– Mən isə… bilirəm!

Stalinlə mübahisənin məntiqi

Radekin Stalinlə bağlı başqa bir lətifəsi də onun siyasi yumorunun səciyyəvi nümunəsidir.

Guya bir dəfə Stalinlə söhbət zamanı Radek belə deyir:

– Bizim aramızda çox qəribə məntiqi mübahisə yaranıb. Mən sizə əsas verirəm, siz mənə nəticə; mən sizə dəlil gətirirəm, siz mənə qərar; mən sizə sitat gətirirəm, siz mənə istinad.

Bu qısa dialoqda Radek sovet siyasi sisteminin mahiyyətini – müstəqil müzakirənin yerini rəhbərin qərarının tutmasını – bir neçə cümlə ilə ifadə edirdi.

İnqilabdan əvvəl oturub gözləyirdi, sonra isə…

1930-cu illərdə həbsxanada saxlanılan Radekdən anket doldurmaq tələb olunur. Anketdəki suallardan biri belə idi:

– İnqilabdan əvvəl nə ilə məşğul olmusunuz?

Radek cavab yazır:

– Oturub gözləyirdim.

Növbəti sual isə belə olur:

– İnqilabdan sonra nə ilə məşğul olmusunuz?

Radekin cavabı yenə qısa və istehzalıdır:

– Gözləyib oturdum.

Bu lətifədə onun taleyinin acı ironiyası gizlənirdi. Bir vaxtlar inqilabın fəal iştirakçısı olan, bolşevik rəhbərliyində mühüm mövqe tutan şəxs indi həbsxanada öz növbəsini gözləyirdi.

Karl Radekin son lətifəsi – məhkəmə zalında

Lakin Radekin həyatındakı ən acı istehza onun son məhkəməsində üzə çıxdı.

1937-ci ildə keçirilən ikinci Moskva məhkəmə prosesində Radek digər təqsirləndirilənlərlə birlikdə ağır siyasi ittihamlarla üz-üzə qaldı. O, əvvəlki hazırcavablığı ilə deyil, sovet repressiya maşınının qarşısında məcburi etirafları ilə yadda qaldı.

Məhkəmədə Radek özünün və digər təqsirləndirilənlərin istintaq zamanı guya yalan ifadələr verməklə, inkar etməklə və müstəntiqləri aldatmaqla onları çətin vəziyyətə saldıqlarını bildirdi. O, NKVD müstəntiqlərini partiyanın iradəsini həyata keçirən, xalq düşmənləri ilə mübarizə aparan, həbs olunanlara qarşı həssas və humanist münasibət göstərən insanlar kimi təqdim edirdi.

Bu sözlər adi etirafdan daha çox, Stalin rejiminin yaratdığı qorxu və absurdluğun acı mənzərəsi idi.

Bir vaxtlar ən güclü siyasi xadimləri belə bir cümlə ilə susdura bilən Radek indi özünü ittiham edən sistemin qarşısında çıxış edirdi. Onun iti yumoru, siyasi cəsarəti və hazırcavablığı artıq heç nəyi dəyişə bilmirdi.

1937-ci ildə ölüm hökmünə məhkum edilən Karl Radek 1939-cu ildə həbsxanada öldürüldü.

Beləliklə, Stalinin siyasi rəqiblərini lətifələrlə hədəfə alan, partiya rəhbərliyinin absurd qərarlarını incə istehza ilə ifşa edən Radekin öz taleyi sovet totalitarizminin ən faciəli hekayələrindən birinə çevrildi.

Onun həyatı bir həqiqəti xatırladır: diktatura şəraitində ən iti söz belə, bir gün sahibini xilas etməyə bilər.

Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑