Almaniyada 62 yaşlı kollec müəlliməsinin 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, tam əməkhaqqı aldığı üzə çıxıb.
Modern.az xəbər verir ki, hadisə 2009-cu ildə qadının xroniki xəstəlik və psixoloji problemlər səbəbindən xəstəlik məzuniyyətinə çıxması ilə başlayıb.
Üç ay sonra o, müstəqil tibbi komissiyadan keçməli olsa da, müayinəyə getməyib. Buna baxmayaraq, maaş ödənişləri davam edib və xəstəlik məzuniyyəti avtomatik uzadılıb.
Məlumata görə, müəllimə bu müddətdə yalnız maaş almaqla kifayətlənməyib, krem istehsalı üzrə öz biznesini qurub və dalğıclıqla da məşğul olub.
Maraqlıdır ki, kollec rəhbərliyi 16 il ərzində vəziyyətdən xəbərsiz olub. Hətta 2015-ci ildən müəssisəyə rəhbərlik edən əvvəlki direktor müəlliməni heç vaxt görməyib.
Yeni direktor məsələni araşdıraraq qadından tibbi müayinədən keçməyi tələb edib. Müəllimə bu qərara qarşı məhkəməyə müraciət etsə də, bütün iddiaları rədd olunub.
Hüquqşünasların fikrincə, kollecə dəymiş ehtimal olunan zərərin geri qaytarılması çətin olacaq. Çünki bu qədər vaxt keçdikdən sonra qadının işəgötürəni sağlamlıq vəziyyəti barədə qəsdən aldatdığını sübut etmək mürəkkəbdir.



