Ole Römerin kim olduğunu bilirsinizmi? Əminəm ki, çoxları bu adı eşitməyib. Halbuki o, elm tarixinin ən təvazökar və nisbətən az tanınan dahilərindən biridir. Onun kəşfi isə bəşəriyyətin kainat və fiziki dünya haqqında təsəvvürlərini kökündən dəyişib.
Rene Dekart və Covanni Kassini kimi dövrünün nüfuzlu alimləri işığın ani yayıldığına inanırdılar. Məhz belə bir vaxtda danimarkalı astronom Ole Römer bunun əksini sübut etməyə nail oldu: işığın sürəti sonsuz deyil, onun müəyyən və ölçülə bilən hərəkət sürəti var.
1676-cı ildə Römer elm tarixində inqilabi addım atdı. Maraqlıdır ki, bu kəşfə o, birbaşa işığın sürətini ölçmək məqsədilə deyil, dənizçilər üçün naviqasiya cədvəlləri hazırlamaq çərçivəsində Yupiterin peyklərini müşahidə edərkən gəlib çıxdı. Nəticədə işığın sonlu sürətə malik olduğunu elmi müşahidələrlə əsaslandırdı. Bununla belə, onun kəşfi Paris Rəsədxanasının direktoru, tanınmış astronom Covanni Kassini ilə ciddi fikir ayrılığına səbəb oldu.
Hər şey qəribə bir astronomik uyğunsuzluğun izahını axtarmaqla başladı.
Römer müşahidə etdi ki, Yupiterin peyki İo planetin kölgəsindən bəzən əvvəlcədən hesablanmış vaxtdan tez, bəzən isə gec çıxır. Bu fərqin səbəbi ilə bağlı iki fərqli yanaşma meydana çıxdı.
Kassininin fikrincə, İo-nun orbiti tam sabit deyildi. Peyk naməlum səbəblərdən bəzən sürətini artırır, bəzən isə azaldırdı.
Römer isə tamamilə fərqli izah irəli sürdü. Onun fikrincə, İo sabit dövrlə – təxminən 42,5 saat ərzində Yupiter ətrafında bir dövrə vururdu. Dəyişən peykin hərəkəti deyil, ondan gələn işığın Yerə çatma müddəti idi. Çünki Yer və Yupiter arasındakı məsafə planetlərin Günəş ətrafında hərəkəti nəticəsində daim dəyişirdi.
Niyə məhz İo?
Yupiterin dörd böyük peyki arasında İo bu müşahidələr üçün ən əlverişli obyekt idi. O, planetə ən yaxın peykdir və Yupiter ətrafında cəmi 42,5 saata bir dövrə vurur. Müqayisə üçün qeyd edək ki, Kallisto eyni hərəkəti təxminən 16 günə tamamlayır.
İo-nun sürətli dövriyyəsi Römerə qısa müddətdə çoxsaylı müşahidələr aparmağa və zaman fərqlərini müqayisə etməyə imkan verirdi. Digər peyklər seçilsəydi, həmin dövrün teleskoplarının məhdud imkanları fonunda bu qanunauyğunluğu müəyyənləşdirmək daha uzun vaxt tələb edəcəkdi.
Römer Yerin hərəkəti ilə müşahidə olunan gecikmələr arasında əlaqə olduğunu müəyyənləşdirdi. Yer Yupiterə yaxınlaşdıqca İo-nun tutulmaları hesablanmış vaxtdan bir qədər tez müşahidə olunurdu. Çünki işıq Yerə daha qısa məsafə qət etməli idi.
Əksinə, Yer Yupiterdən uzaqlaşdıqca işığın müşahidəçiyə çatması üçün daha çox vaxt lazım gəlirdi. Nəticədə peykin tutulmaları getdikcə daha gec qeydə alınırdı.
Römer hesablamışdı ki, Yer öz orbitində Yupiterə ən yaxın mövqedən ən uzaq mövqeyə keçənədək müşahidələrdəki ümumi gecikmə təxminən 22 dəqiqəyə çatır. Bu fərq işığın Yer orbitinin diametrinə bərabər məsafəni qət etməsi üçün tələb olunan vaxtla izah edilirdi.

Elmi həqiqət və nüfuz mübarizəsi
Römer yaxşı başa düşürdü ki, Paris Rəsədxanasının nüfuzlu direktoru ilə açıq mübahisəyə girmək asan olmayacaq. Kassini işığın sonlu sürətə malik olması ehtimalını əvvəllər də müzakirə etmiş, lakin sonradan bu fikirdən uzaqlaşmışdı. İndi isə o, öz astronomik cədvəllərini müdafiə edir, Römerin izahını qəbul etmək istəmirdi.
Gənc astronom isə mübahisəni emosional müstəviyə keçirmədən, elmi faktlarla həll etmək qərarına gəldi.
O, maraqlı taktika seçdi: hesablamalarında məhz Kassininin öz cədvəllərindən istifadə etdi. Beləliklə, direktorun sonradan hesablamaların yanlış olduğunu iddia etmək imkanını minimuma endirdi.
1676-cı ilin sentyabrında Römer Paris Elmlər Akademiyasının iclasında çıxış edərək bildirdi ki, Kassininin cədvəllərinə əsasən İo-nun növbəti tutulması müəyyən vaxtda baş verməli olsa da, əslində hadisə 10 dəqiqə gec müşahidə ediləcək. Səbəb isə işığın sürətinin məhdud olması idi.
Bu, böyük elmi risk idi. Römer öz proqnozunu hamının qarşısında səsləndirmişdi. İndi nəticəni zaman göstərəcəkdi.
1676-cı il noyabrın 9-da astronomlar teleskoplarını Yupiterə yönəltdilər. Nəticə Römerin proqnozunu təsdiqlədi: İo həqiqətən də hesablanmış vaxtdan təxminən 10 dəqiqə gec tutulmadan çıxdı.
Beləliklə, Römer öz nəzəriyyəsini müşahidə ilə təsdiqləmiş oldu. Kassininin cədvəlləri isə gözlənilən nəticəni vermədi.
Bununla belə, Kassini məğlubiyyətini qəbul etmədi. Onun əsas etirazlarından biri belə idi: əgər işığın sürəti məhduddursa, Yupiterin digər peyklərinin müşahidələrində də eyni qanunauyğunluq görünməlidir. Lakin həmin dövrün teleskoplarının texniki imkanları və digər peyklərin müşahidə xüsusiyyətləri bu fərqi aydın şəkildə müəyyənləşdirməyə imkan vermirdi.
Kassini isə bunu Römerin fərziyyəsinin zəifliyi kimi qiymətləndirirdi. O, ömrünün sonunadək danimarkalı astronomun nəticələrini tam qəbul etmədi.
İşığın sürətini kim hesabladı?
Maraqlı məqamlardan biri də budur ki, Ole Römer işığın sürətini müasir ölçü vahidləri ilə konkret rəqəm şəklində müəyyənləşdirməmişdi. Onun əsas nailiyyəti işığın sonlu sürətə malik olduğunu və Yer orbitinin diametrinə bərabər məsafəni müəyyən müddətdə qət etdiyini sübut etmək idi.
Bu müşahidələrin riyazi nəticələrini isə məşhur fizik Xristian Hüygens hesabladı. O, məsafəni zamana bölməklə işığın sürətini təxminən 230 min kilometr/saniyə kimi qiymətləndirdi.
Bu rəqəm müasir elmin qəbul etdiyi 299 792 kilometr/saniyə göstəricisindən aşağı olsa da, XVII əsr üçün möhtəşəm nəticə idi.
Fərqin yaranmasının əsas səbəbi həmin dövrdə Yer orbitinin ölçülərinin dəqiq bilinməməsi və gecikmə müddətinin təxminən 22 dəqiqə hesablanması idi. Müasir hesablamalara görə, Yer orbitinin diametrini işıq təxminən 16 dəqiqə 40 saniyəyə qət edir.
Beləliklə, Römerin müşahidələri sonradan işığın sürətinin daha dəqiq hesablanması üçün elmi zəmin yaratdı.
Şöhrətdən uzaq, elmin xidmətində olan insan
XVII əsrdə Avropa elmi mühiti heç də həmişə sakit və obyektiv müzakirələrlə yadda qalmırdı. Alimlər arasında kəşflərin müəllifliyi, elmi prioritet və nüfuz uğrunda mübarizə bəzən illərlə davam edirdi. Bir çoxları şöhrət naminə məhkəmə çəkişmələrinə, intriqalara və qarşılıqlı ittihamlara baş vururdu.
Ole Römer isə bu baxımdan fərqli şəxsiyyət idi.
O, yüksək titullar və şəxsi şöhrət uğrunda mübarizə aparmır, kəşfinə görə xüsusi imtiyazlar tələb etmirdi. Hətta işığın sürətinin ölçülməsi məsələsində sonrakı hesablamaları digər alimlərin öhdəsinə buraxmışdı.
Römer üçün əsas məsələ öz adını tarixə yazdırmaq deyil, elmi həqiqəti üzə çıxarmaq idi.
O, həyatının sonrakı illərində də qabaqcıl elmi və texniki qurğular hazırlamağa davam etdi. Astronomiya ilə yanaşı, dövlət idarəçiliyi sahəsində də mühüm fəaliyyət göstərdi, Danimarkada bir sıra islahatların həyata keçirilməsində iştirak etdi və Kopenhagenin meri oldu.
Tarix onu çox vaxt Nyuton və Qaliley kimi dahilərin kölgəsində saxlayıb. Halbuki işığın sonlu sürətinin sübut edilməsi müasir fizikanın formalaşmasında mühüm mərhələ idi. Bu kəşf sonralar elektromaqnetizm nəzəriyyəsindən tutmuş Albert Eynşteynin nisbilik nəzəriyyəsinə qədər bir çox elmi istiqamətin inkişafına zəmin yaratdı.
Ole Römer öz dövrünün bir çox alimindən fərqli olaraq, elmi nailiyyətlərini şəxsi eqosunun vasitəsinə çevirmədi. O, həm böyük alim, həm də dövlət xadimi kimi tanındı.
O, həyatını məchulluq və unudulmuşluq içində başa vurmadı. Vətənində hörmət qazanan, elmi və ictimai fəaliyyəti ilə seçilən nüfuzlu şəxsiyyətə çevrildi.
Ole Römerin həyat hekayəsi bir həqiqəti xatırladır: bəzən elmdə ən böyük inqilabları edənlər ən çox səs-küy salanlar deyil, müşahidə etdiyi həqiqətə sədaqətlə xidmət edənlər olur.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az



