1988-ci ildə avstraliyalı jurnalist Stiven Rays Tailandla Birma arasındakı sərhədi qeyri-qanuni keçdi. Məqsədi cəngəllikdə itib-batmış Xun Sa bazasına çatmaq idi. Bura “Qızıl üçbucağın” ən güclü narkobaronlarından birinin qərargahı idi. Birma, Tailand və Laosun qovuşduğu bu region onilliklər boyu dünyaya göndərilən böyük afyun və heroin partiyalarının mənbəyi sayılırdı.
Belə bir yerə səfər yalnız jurnalistik cəsarət deyil, ciddi təhlükə demək idi. Ətraf dağlıq-meşəlik ərazi mərkəzi hakimiyyətin nəzarətindən kənarda qalırdı və silahlı qruplaşmaların qaydaları ilə yaşayırdı.
Xun Sa özünə nəhəng narkoimperiya qurmuşdu. Onun yaxşı silahlanmış şəxsi ordusunun say tərkibi ən yüksək dövründə təxminən 20-25 min nəfər qiymətləndirilirdi. Bu, onu adi qaçaqmalçıçıdan çox, faktiki olaraq öz ərazisində idarəçilik edən silahlı lider mövqeyinə yüksəldirdi.
ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi onu “Qızıl üçbucaqda” heroin ticarətinin ən böyük simasi, dünya miqyasında isə ən iri satıcılardan biri hesab edirdi. Onun təşkilatı yalnız istehsalı deyil, həm də nəqliyyatı və satış zəncirini nəzarətdə saxlayırdı.
Raysla görüş zamanı Xun Sa gözlənilməz bir təklif irəli sürdü. Onun sözlərinə görə, Avstraliya hökuməti səkkiz il ərzində onun istehsal etdiyi bütün narkotiki ildə 50 milyon Avstraliya dollarına satın ala bilərdi. Beləliklə, narkotik qara bazara çıxmayacaqdı.
Təklifin məntiqi sadə idi: əgər məhsulu qanuni dövlət alıcısı ödəyərsə, o, həmin pulu qaçaqmalçılıq yolları ilə qazanmağa ehtiyac duymaz. Bununla Xun Sa özünü sanki problemin tərəfi yox, onun həlli yolu kimi təqdim edirdi.
Avstraliya hakimiyyəti baronla sövdələşməkdən imtina etdi. Bu qərarın səbəbləri aşkar idi:
– Dövlətin cinayət təşkilatını maliyyələşdirməsi hüquqi və əxlaqi baxımdan qəbuledilməz idi.
– Satın alınan məhsulun həqiqətən qara bazara çıxmayacağına heç bir təminat yox idi.
– Belə sövdələşmə qanunsuz silahlı qruplaşmanı leqitimləşdirərdi və başqa istehsalçıları da oxşar tələblərə təşviq edə bilərdi.
– Tələbat bazarı mövcud olduqca, boşalan yeri başqa istehsalçılar tutardı.
Bu epizod narkotik ticarətinə qarşı mübarizənin əsas dilemmasını göstərir: təklif tərəfini boğmaq çətindir, çünki məhsul yoxsul bölgələrin gəlir mənbəyinə çevrilib. Sonrakı onilliklərdə beynəlxalq təcrübə alternativ əkinçilik proqramlarına, sərhəd nəzarətinə və tələbatın azaldılmasına üstünlük verdi, dövlət tərəfindən “satın alma” modeli isə heç vaxt ciddi seçim kimi qəbul edilmədi.
Natiq Səlim,
KONKRET.az
