Gündəm · Konkret.az

Alyaska niyə Rusiyaya yox, ABŞ-yə məxsusdur? “Satmasaydıq, əlimizdən alacaqdılar!” | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Alyaska niyə Rusiyaya yox, ABŞ-yə məxsusdur? “Satmasaydıq, əlimizdən alacaqdılar!” | KONKRET xəbəri üçün şəkil

1867-ci il oktyabrın 18-də Rusiya imperiyasının Şimali Amerikadakı mülkləri – Alyaska rəsmi olaraq ABŞ-yə təhvil verildi. Əvəzində Rusiya 7,2 milyon dollar aldı. Satılan ərazinin ümumi sahəsi 1,5 milyon kvadratkilometrdən çox idi. Beləliklə, Rusiya Alyaskanın hər hektarını 5 sentdən də ucuz qiymətə satmış oldu!

Həmin gün Rusiya müstəmləkəsinin paytaxtı Novo-Arxangelskə (indiki Sitka) admiral Aleksey Peşurovun rəhbərlik etdiyi rus nümayəndə heyəti gəldi. Rus qarnizonu ərazini tərk etdi, onun yerini Amerika hərbçiləri tutdu və Sitka üzərində ABŞ bayrağı qaldırıldı.

Maraqlı məqamlardan biri də budur ki, 1867-ci il oktyabrın 18-də Alyaskada ABŞ-də istifadə edilən Qriqorian təqviminə keçildi. Beləliklə, bölgə sakinləri təkcə vətəndaşlıqlarını deyil, təqvimlərini də dəyişdilər. Tarix fərqinə görə, onlar oktyabrın 6-da yatıb oktyabrın 18-də oyandılar!

Rus əhalisinin bir hissəsi vətənə qaytarıldı. Digərləri isə Novo-Arxangelskdə qaldılar. Onların bəziləri bunu öz istəkləri ilə etsə də, bəzilərinin gəmilərin çatışmazlığı səbəbindən ərazidən çıxarıla bilmədiyi bildirilir. Hətta bəzi iddialara görə, həmin insanlar sadəcə olaraq hakimiyyət tərəfindən unudulmuşdular. Alyaskada rus sənayeçiləri ilə yerli qadınların nikahlarından doğulan kreolların da böyük hissəsi qaldı.

Bəs Rusiya Alyaskanı niyə satdı?

II Aleksandrın qərarının arxasında nə dayanırdı?

Rusiya imperatoru II Aleksandr Alyaskanın gələcəkdə ABŞ tərəfindən ələ keçirilə biləcəyini düşünürdü. Onun mövqeyini ifadə edən fikirlərdən birində belə deyilirdi:

“Hazırda Amerika Birləşmiş Ştatlarının xəzinəsində pul vəsaitinin çox olduğunu nəzərə alaraq, Şimali Amerikadakı müstəmləkələrimizi onlara satmaq fikri ağlıma gəldi.

Bu satışın vaxtında həyata keçirilməsi məqsədəuyğun olardı. Özümüzü aldatmamalı və qabaqcadan görməliyik ki, mülklərini daim genişləndirməyə çalışan, Şimali Amerikada mütləq üstünlük əldə etmək istəyən Birləşmiş Ştatlar sözügedən müstəmləkələri bizdən alacaq. Biz isə onları geri qaytarmaq iqtidarında olmayacağıq. Halbuki bu müstəmləkələr bizə çox az fayda verir və onların itirilməsi bizim üçün o qədər də ağır olmayacaq…”.

İmperatorun yanaşması aydın idi: “Satmasan, zorla və havayı alacaqlar. Elə isə əvvəlcədən, pulunu alaraq satmaq daha sərfəlidir!”

Bu qərar ilk baxışdan ərazi itkisidir. Lakin Rusiya rəhbərliyi məsələyə daha çox siyasi və iqtisadi praqmatizm baxımından yanaşırdı. Uzaq ərazini qorumaq çətin idi, onun iqtisadi gəlirləri məhdud görünürdü, gələcəkdə ABŞ ilə mümkün qarşıdurma isə daha böyük itkilərlə nəticələnə bilərdi.

Rusiya ilə ABŞ arasında münasibətlər dostcasına idi

Maraqlıdır ki, həmin dövrdə Rusiya ilə ABŞ arasında münasibətlər ümumilikdə dostluq xarakteri daşıyırdı, bəzi məqamlarda isə bu münasibətlər xüsusi səmimiyyəti ilə seçilirdi.

Krım müharibəsi zamanı ABŞ Rusiyaya münasibətdə dost mövqeyi nümayiş etdirmiş, ticarət əlaqələrini genişləndirmiş, müharibə aparan orduya silah və təchizat göndərmişdi. Amerika tərəfinin könüllülər göndərməyə hazır olduğu, düşmən gəmilərinin hərəkəti barədə məlumatlar çatdırdığı da qeyd edilir.

Deməli, Alyaskanın satılması həmin anda ABŞ-dən gələn birbaşa hərbi təhlükə ilə izah olunmurdu. Əsas məsələ gələcəkdə yarana biləcək təhlükə idi. Rusiya rəhbərliyi hesab edirdi ki, ərazini əvvəlcədən və dostcasına satmaq, onu sonradan müharibə nəticəsində itirməkdən daha məqsədəuyğundur.

Alyaskanın satışından əldə olunan pul hara xərcləndi?

Rusiya Alyaskanın satışından əldə etdiyi vəsaiti əsasən dəmir yolları üçün xaricdən avadanlıq və materialların alınmasına sərf etdi.

Tarixi maliyyə məlumatlarında göstərilir ki, Şimali Amerikadakı mülklərin ABŞ-yə güzəştə gedilməsi müqabilində Rusiya 11 milyon 362 min 481 rubl 94 qəpik əldə etmişdi. Həmin məbləğin 10 milyon 972 min 238 rubl 4 qəpiyi Kursk–Kiyev, Ryazan–Kozlov, Moskva–Ryazan və digər dəmir yolu xətləri üçün avadanlıq və materialların alınmasına xərclənmişdi. Qalan 390 min 243 rubl 90 qəpik isə nağd pul şəklində qalmışdı.

Beləliklə, Alyaskanın satışından əldə edilən vəsait Rusiyanın nəqliyyat infrastrukturunun inkişafına yönəldilmişdi.

ABŞ əvvəlcə Alyaskanı “buz yığını” hesab edirdi

ABŞ-də uzun müddət Alyaskanın alınmasını mənasız xərc kimi qiymətləndirənlər vardı. Tənqidçilər bu ərazinin alınmasına sərf edilən vəsaiti “nəhəng buz yığınına” xərclənmiş pul adlandırırdılar.

Lakin sonrakı hadisələr bu yanaşmanın yanlış olduğunu göstərdi. Tarixi mənbələrdə qeyd edilir ki, hətta Rusiya inqilabına qədərki dövrdə Amerika ərazidən 200 milyon dollar dəyərində qiymətli metal çıxarmışdı.

Sonralar Alyaskanın qızıl, neft və digər təbii sərvətlərlə zəngin olması onun strateji və iqtisadi əhəmiyyətini daha da artırdı. Bölgənin coğrafi mövqeyi də ABŞ üçün böyük üstünlük yaratdı: Alyaska ölkənin Şimali Amerikadakı mövqelərini möhkəmləndirdi, Asiya bazarlarına çıxış baxımından strateji əhəmiyyət qazandı.

Havay və Aleut adaları ilə birlikdə Alyaska ABŞ-nin Sakit okean hövzəsindəki təsir imkanlarının genişlənməsində mühüm rol oynadı.

Bu gün Alyaska ABŞ-nin ən böyük ştatıdır. Ərazisi dağlar, vulkanlar, daimi donuşluq sahələri, bataqlıqlar və göllərlə zəngindir. Burada üç milyondan çox gölün olduğu bildirilir. Ştatın ən yüksək zirvəsi Denali dağıdır. Tarixi mənbələrdə uzun müddət Mak-Kinli adlandırılan bu dağın hündürlüyü 6193 metrdir. Qış aylarında temperatur mənfi 50 dərəcədən də aşağı düşə bilir.

Hər il oktyabrın 18-də ABŞ-də Alyaska Günü qeyd olunur. Bu tarix 1867-ci ildə ərazinin Rusiyadan ABŞ-yə rəsmi təhvil verilməsini xatırladır.

Məşhur amerikalı təbiətşünas Con Muir Alyaskanın insan üzərində yaratdığı təəssüratı belə ifadə etmişdi:

“Gəncliyində Alyaskaya getməyə tələsmə. Çünki ömrünün sonuna qədər başqa heç bir yer sənə onun qədər xoş gəlməyəcək”.

Alyaskanın tarixçəsi göstərir ki, dövlətlərin ərazi ilə bağlı qərarları heç də həmişə həmin ərazinin bugünkü dəyərinə əsaslanmır. Bəzən qərarlar gələcək təhlükələr, iqtisadi hesablamalar və geosiyasi maraqlar nəzərə alınaraq verilir.

Rusiya 1867-ci ildə Alyaskanı satarkən gələcəkdə onun hansı strateji və iqtisadi əhəmiyyət qazanacağını tam qiymətləndirə bilmədi. ABŞ isə sonradan bu alışın tarixində ən sərfəli ərazi sövdələşmələrindən birini həyata keçirmiş dövlət kimi yadda qaldı.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑