Onlar hər gün Azərbaycan bayrağını tikirlər. Bəzən adi ölçülü bir bayrağın hazırlanması bir neçə mərhələdən keçir, bəzən isə onlarla metr uzunluğunda nəhəng bayraqların ərsəyə gəlməsi üçün gecəboyu işləmək lazım gəlir.
Parçalar kəsilir, tikiş maşınları dayanmadan işləyir, əməkdaşlar hər detalı diqqətlə yoxlayırlar. Burada hər kəs öz işini görür, amma hamısını birləşdirən ortaq bir hiss var: hazırladıqları bayrağın onlar üçün sadəcə parça olmadığını bilirlər.
Vətən müharibəsi zamanı bu sexdə görülən işin mənası daha da dəyişib. Bir vaxtlar tikdikləri bayraqların azad edilən torpaqlarda dalğalanacağını düşünərək qürurlanan əməkdaşlar, digər tərəfdən şəhidlər üçün bayraq hazırlayarkən göz yaşlarını saxlaya bilməyiblər. Onların əllərindən keçən hər bayraq bəzən sevincin, bəzən qürurun, bəzən də sözlə ifadə olunmayan bir kədərin daşıyıcısına çevrilib.
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ərəfəsində Azərbaycan bayrağının necə hazırlandığını, onun arxasında hansı zəhmətin və hansı duyğuların dayandığını öyrənmək üçün “Azər Atribut”un istehsalat sexində olduq.
Burada bizi təkcə tikiş maşınlarının səsi deyil, illərdir bu işə ürəyini verən insanların xatirələri də qarşıladı.
Sfera.az xəbər verir ki, bayrağın hazırlanması kənardan göründüyü qədər sadə proses deyil. Parçanın seçilməsi, rənglərin çap olunması, ölçülərin müəyyənləşdirilməsi, biçim, tikiş, ütüləmə və qablaşdırma – hər mərhələ özünəməxsus diqqət tələb edir. Hazır məhsulun keyfiyyəti isə bütün bu proseslərin düzgün və dəqiq yerinə yetirilməsindən asılıdır. Sexdə çalışan əməkdaşlar üçün bu, sadəcə gündəlik iş deyil. Onlar hər dəfə Azərbaycan bayrağını hazırlayarkən ölkənin dövlət rəmzini ərsəyə gətirdiklərini düşünürlər.
“Bayrağımızı zirvələrdə görəndə qürur duyuruq”

Sexin əməkdaşlarından Kafurə Məmmədova artıq 10 ildir bu işlə məşğuldur. Onun sözlərinə görə, bayraq tikmək uşaqlıq arzusu olub. Bu arzusunun gerçəkləşdiyi ilk günü də yaxşı xatırlayır. İşə başladığı vaxt ona nümunə üçün kiçik bir bayraq verilib. Onu tikib başa çatdırmaq Kafurə xanım üçün adi bir işin tamamlanmasından daha artıq məna daşıyıb.
İllər keçsə də, bu peşəyə münasibəti dəyişməyib. Əksinə, öz əlləri ilə hazırladığı bayraqların müxtəlif yerlərdə dalğalandığını gördükcə işinə olan bağlılığı daha da artıb.
“Bayrağımızı çox sevirəm. Çox gözəl, qürurverici bir iş görürük. Tikdiyimiz bayraqların zirvələrdə ucaldığını görəndə bizim üçün böyük şərəf olur”, – deyə o bildirir.
Kafurə Məmmədova danışır ki, bəzən şəhərdə, küçələrdə və müxtəlif məkanlarda gördüyü bayraqlara diqqətlə baxır. Parçanın keyfiyyəti, tikişlərin səliqəsi onun üçün tanış detallardır. Çünki həmin bayraqların hazırlanmasında bəlkə də onun əməyi var. İnsanların başını qaldırıb baxdığı, qarşısında qürur hissi keçirdiyi bayrağın arxasında öz zəhmətinin dayandığını bilmək ona ayrıca sevinc verir.
Bizim üçün bayraq çox vaxt dalğalandığı yerdə gördüyümüz, dövlətimizi təmsil edən rəmzdir. Onu hazırlayanlar üçünsə bu rəmzə gedən yol parçanın üzərində ilk ölçünün götürülməsindən başlayır. Hər tikişdə diqqət, hər mərhələdə məsuliyyət var. Çünki işin sonunda ərsəyə gələn məhsul adi bir parça deyil, Azərbaycanı təmsil edən üçrəngli bayraqdır.
Bir gecədə tikilən 70 metrlik bayraq
Kafurə Məmmədovanın yaddaşında xüsusi yer tutan sifarişlərdən biri də Cəbrayıla aparıldığı deyilən nəhəng bayraqdır. Onun sözlərinə görə, 70 metr uzunluğunda, 30 metr enində olan bayrağın hazırlanması üçün bir neçə əməkdaş gecəboyu işləməli olub.
“Biz o bayrağı bir gündə tikmişdik. Gecə qaldıq, dörd-beş nəfər işlədik. Gecə ilə hazırlayıb təhvil verdik, səhər tezdən bayraq orada asıldı”, – deyə o həmin günləri xatırlayır.
Təsəvvür edin: onlarla metr parçanın bir araya gətirilməsi, tikişlərin möhkəmliyinin qorunması, ölçülərin dəqiqliklə uyğunlaşdırılması və bütün işlərin qısa müddətdə başa çatdırılması. Belə sifarişlərdə təkcə peşəkarlıq deyil, komanda işi və zamanla yarışmaq da vacibdir. Adi ölçülü bayraqlarla müqayisədə nəhəng bayraqların hazırlanması daha çox fiziki zəhmət və koordinasiya tələb edir.
Həmin bayrağın səhər tezdən ucaldıldığını xatırlamaq Kafurə xanım üçün bu gün də qürurvericidir. Çünki gecəboyu davam edən zəhmətin nəticəsi artıq sexin divarları arasında qalmır, başqa bir məkanda insanların görə biləcəyi, qarşısında dayanıb fəxr edə biləcəyi bir rəmzə çevrilirdi.
Bəzən bir bayrağın hazırlanması üçün sərf olunan saatları kənardan görmək mümkün olmur. İnsan yalnız onun küləkdə dalğalanmasını görür. Halbuki həmin görüntünün arxasında yorğunluq, tələsik tamamlanan işlər, diqqətlə yoxlanılan tikişlər və öz işini vaxtında təhvil vermək üçün gecəni gündüzə qatan insanlar dayanır.
Şəhidlər üçün tikilən bayraqların ağrısı

Bu sexdə danışılan xatirələrin içərisində ən kövrək olanlar Vətən müharibəsi dövrünə aiddir. Həmin vaxt sifarişlərin artması, işin intensivləşməsi və gecə-gündüz çalışmağın özü bir tərəfə, hazırlanan bayraqların daşıdığı məna tamam başqa idi.
Kafurə Məmmədova üçün işğaldan azad edilən ərazilərdə Azərbaycan bayrağının dalğalanması böyük sevinc və qürur mənbəyi olub. Ancaq şəhidlər üçün bayraq hazırlamaq bu hisslərə ağır bir kədər də əlavə edib. Çünki bir tərəfdə torpaqların azadlığına görə sevinən xalq, digər tərəfdə həmin azadlıq uğrunda canından keçən insanların ailələri vardı.
Sexdə çalışanlar həmin günlərdə təkcə sifarişləri yerinə yetirmirdilər. Onlar müharibənin gətirdiyi ağrını da öz işlərinin içində yaşayırdılar. Şəhidlər üçün hazırlanan bayraqların hər biri onlara müharibənin ağır nəticələrini xatırladırdı. Bir az əvvəl başqa sifariş üzərində çalışan insan növbəti anda göz yaşlarını saxlamaqda çətinlik çəkə bilərdi.
Bəzən eyni bayraq bir məkanda qələbənin, başqa bir məkanda isə ayrılığın rəmzinə çevrilir. Azad edilən torpaqlarda ucalan bayraq insanlara qayıdışın, suverenliyin və qürurun sevincini yaşadır. Şəhidin tabutu üzərinə sərilən bayraq isə həmin qürurun hansı ağır itkilər bahasına əldə edildiyini xatırladır.
Bu səbəbdən sexdə çalışanların yaddaşında həmin dövr yalnız çox işlədikləri günlər kimi qalmayıb. Onlar üçün bu, həm də duyğuların bir-birinə qarışdığı, qürurla kədərin yanaşı yaşandığı, peşə fəaliyyətinin insan taleləri ilə üz-üzə gəldiyi bir dövrdür.
Ailədən gələn sevgi...

Sexdə səkkiz ildir çalışan Aynur Zeynalova da bayrağa münasibətinin ailəsindən gəldiyini deyir. Onun sözlərinə görə, atası və qardaşı bayrağa həmişə xüsusi sevgi ilə yanaşıblar. Bu işə başladıqdan sonra isə həmin hiss onun gündəlik həyatının bir hissəsinə çevrilib.
“Bayraq bizim üçün doğma bir şeydir. Çox qürurverici işdə çalışıram. Ailə üzvlərim də mənimlə fəxr edirlər”, – deyə Aynur xanım bildirir.
Onun danışdıqlarından aydın olur ki, burada işləmək yalnız tikiş bacarığı ilə məhdudlaşmır. İstehsalın hər mərhələsində diqqətli olmaq lazımdır. Parçanın üzərində ölçülərin düzgün götürülməsi, biçimin dəqiqliyi, rənglərin uyğunluğu və tikişlərin möhkəmliyi hazır məhsulun keyfiyyətinə birbaşa təsir edir. Kiçik görünən bir səhv belə son nəticədə nəzərə çarpa bilər.
İşçilər hər bayrağın səliqəli və keyfiyyətli hazırlanmasına çalışırlar. Çünki bayrağın görünüşü ilə yanaşı, istifadə ediləcəyi şəraitə uyğunluğu da vacibdir. Açıq havada dalğalanacaq bayraq küləyə və müxtəlif hava şəraitinə davam gətirməli, tikişləri möhkəm olmalıdır. Bunun üçün materialın xüsusiyyətləri və hazırlanma üsulu nəzərə alınır.
Aynur Zeynalova Vətən müharibəsi zamanı yaşananları xatırlayanda onun üçün ən yaddaqalan məqamlardan birinin şəhidlər üçün bayraq hazırlamaq olduğunu deyir. Həmin vaxt əməkdaşlar həm işləyir, həm də yaşananların ağırlığını hiss edirdilər. Göz yaşları ilə görülən bu iş onun yaddaşında silinməyən xatirəyə çevrilib.
Müharibə zamanı bayrağa münasibət də dəyişmişdi. İnsanlar onu evlərinin eyvanından asır, avtomobillərinə yerləşdirir, küçələrdə və meydanlarda dalğalandırırdılar. Bayraq xalqın həmrəyliyini ifadə edən rəmzə çevrilmişdi. Sexdə çalışanlar isə bu ümumi mənzərənin görünməyən tərəfində dayanaraq həmin bayraqları hazırlayırdılar.
Parçadan bayrağa: istehsalın görünməyən mərhələləri

Sexdə işləyən əməkdaşların gündəlik fəaliyyətini izlədikdə aydın olur ki, hazır bayrağın ərsəyə gəlməsi bir neçə ardıcıl mərhələdən keçir. İlk növbədə sifarişin ölçüsü və təyinatı müəyyənləşdirilir. Daha sonra uyğun material seçilir, çap prosesi həyata keçirilir və parça biçimə göndərilir. Biçilmiş hissələr tikiş mərhələsində birləşdirilir. Sonra hazır məhsul ütülənir, yoxlanılır və qablaşdırılır.
Hər mərhələ öz işini bilən əməkdaşın diqqətini tələb edir. Çap zamanı rənglərin düzgün alınması, biçimdə ölçülərin qorunması, tikişdə hissələrin dəqiq birləşdirilməsi və son yoxlama zamanı qüsurların aşkarlanması vacibdir. Bütün bu proseslər bir-birini tamamlayır.
Aynur Zeynalovanın sözlərinə görə, bayraqların təyinatından asılı olaraq material seçiminə də xüsusi diqqət yetirilir. Açıq havada istifadə olunan bayraqlarda möhkəmlik və davamlılıq ön plana çıxır. Digər məkanlarda istifadə ediləcək bayraqlar üçün isə sifarişin xüsusiyyətlərinə uyğun materiallardan yararlanılır.
Hazır məhsul yoxlanılarkən tikişlərin keyfiyyətinə, parçanın görünüşünə və ümumi səliqəyə diqqət yetirilir. Qüsur aşkarlandıqda həmin məhsul yenidən nəzərdən keçirilir. Məqsəd sifarişçiyə təqdim olunan bayrağın müəyyən edilmiş tələblərə cavab verməsidir.
Təkcə Azərbaycan bayrağını hazırlamırlar...

Sexdə 17 ildir çalışan Fina Məmmədova isə illər ərzində müxtəlif ölçülü və təyinatlı bayraqların hazırlanmasında iştirak edib. Onun sözlərinə görə, burada Azərbaycan bayrağı ilə yanaşı, müxtəlif ölkələrin bayraqları, futbol komandalarının simvolları və digər sifarişlər də hazırlanır.

Uzun illər ərzində bu işi görmək insana təcrübə qazandırmaqla yanaşı, müxtəlif sifarişlərin xüsusiyyətlərini də öyrədir. Kiçik ölçülü bayraqla nəhəng ölçülü bayrağın hazırlanması arasında həm texniki, həm də işin təşkili baxımından ciddi fərqlər var. Böyük ölçülü sifarişlərdə parçaların birləşdirilməsi, tikişlərin möhkəmliyi və işin vaxtında tamamlanması daha artıq koordinasiya tələb edir.
Bütün bunlar hazır bayrağın arxasında nə qədər zəhmət dayandığını göstərir. Kənardan sadə görünən bir məhsulun hazırlanmasında bir neçə insanın əməyi, diqqəti və peşəkarlığı birləşir.
Onların əllərindən keçən bayraqlar haralarda dalğalanır?
Sexdə çalışanlar üçün ən maraqlı məqamlardan biri də öz əlləri ilə hazırladıqları bayraqları müxtəlif məkanlarda görməkdir. Kafurə Məmmədova deyir ki, bayraqları tanımaq, onların haradasa dalğalandığını görmək insana xüsusi sevinc verir. Çünki insan gündəlik işinin nəticəsini real həyatda görəndə əməyinin mənasını daha dərindən hiss edir.
Bu sevincin içərisində bir az da fərqli duyğu var. Hər gün eyni prosesləri təkrarlayan, parçaları biçən, tikiş maşınının arxasında saatlarla çalışan insanlar üçün hazır məhsulun sexdən çıxması işin sonu deyil. Əslində, onların hazırladıqları bayraqların həyat yolu bundan sonra başlayır.
Biri inzibati binanın qarşısında, digəri məktəbdə, başqa biri meydanda və ya uzaq bir bölgədə dalğalanır. Onları hazırlayan əməkdaşlar isə bəzən həmin bayrağın hansı məkanda olduğunu belə bilmirlər. Ancaq haradasa üçrəngli bayrağın dalğalandığını görəndə öz zəhmətlərinin nəticəsini xatırlayırlar.
Bu, istehsalatda çalışan insanların əməyinin görünməyən tərəfidir. Onların adları bayrağın üzərində yazılmır, gördükləri işə görə ayrıca mərasimlər keçirilmir. Lakin hazırladıqları məhsul ölkənin müxtəlif guşələrində Azərbaycanı təmsil edir.
Bayrağın arxasındakı insanlar

İstehsalat sexindən ayrılarkən bir məqam xüsusilə diqqət çəkir: burada hər kəs öz gündəlik işini görür. Kimsə parçanı ölçür, kimsə biçir, digəri tikişlə məşğul olur. İş davam edir, sifarişlər hazırlanır, parçalar hazır bayraqlara çevrilir. Bu mənzərədə qeyri-adi görünən heç nə yoxdur. Ancaq söhbət əməkdaşların xatirələrinə gəldikdə həmin gündəlik işin arxasında çox fərqli bir hekayənin dayandığı üzə çıxır.
Onlar bəzən gecəboyu işləyiblər ki, nəhəng bayraq vaxtında hazır olsun. Bəzən hazırladıqları bayrağın azad edilmiş torpaqlarda dalğalanacağını düşünərək qürur duyublar. Bəzən isə şəhidlər üçün bayraq tikərkən göz yaşlarını gizlədə bilməyiblər. Bütün bunlar onların peşə həyatının bir hissəsinə çevrilib.
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü bizə dövlət müstəqilliyinin tarixi əhəmiyyətini xatırladır. Azərbaycan bayrağı isə müstəqilliyimizin, milli kimliyimizin və dövlətçiliyimizin ən mühüm rəmzlərindən biridir. Onun hər dalğalanışında xalqın tarixi, mübarizəsi və gələcəyə olan inamı əks olunur.
Bayrağa baxanda çox vaxt üç rəng, aypara və səkkizguşəli ulduz görürük. Ancaq həmin bayrağın arxasında saatlarla davam edən iş, yorğun əllər, dəqiqliklə atılan tikişlər, qürurla danışılan xatirələr və göz yaşları ilə xatırlanan günlər də var.
Bu bayraqları hazırlayan insanlar tribunada dayanmırlar, adları tarix kitablarında çəkilmir, onların əməyini hər kəs tanımır. Amma onların əllərindən keçən bayraqlar yüksəklərdə dalğalanır. Bəlkə də onların ən böyük mükafatı elə budur: öz əməklərini görməsələr belə, vətənlərinin bayrağını hər dəfə yüksəklərdə görə bilmək.
Çünki bayrağı yüksəldən həm də onu səbrlə tikən, hər tikişinə diqqət göstərən, bəzən gecəni səhərə qədər işləyərək tamamlayan və şəhidlər üçün hazırlayarkən göz yaşı tökən insanlardır. Onlar da bu hekayənin bir parçasıdır...
Firuzə Əliyeva






