“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Misli Premyer Liqasının 10-cu turunda “Qarabağ”la qolsuz heç-heçə etdikləri qarşılaşmanı dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından razı qaldığını bildirib.
“Komandamın çıxışından razıyam. Müdafiədə yaxşı oynadıq. Qol vurmaq üçün imkanlarımız da oldu. Ölkənin ən güclü komandalarından birinə qarşı mübarizə apardıq. Düşünürəm ki, bir xal qazanmağa layiq idik”.
Bekiri “Qəbələ”nin bu mövsüm əsas məqsədinin Premyer Liqada yerini qorumaq, yoxsa daha yüksək pillələr uğrunda mübarizə aparmaq olması ilə bağlı suala cavabında belə deyib:
“Oyundan-oyuna, məşqdən-məşqə daha yaxşı olmağa çalışmalıyıq. Futbolçularım da bunun üçün çalışırlar. Mövsümün sonunda hansı pillədə olacağımızla bağlı indidən proqnoz verə bilmərəm. Hər matçda hamımız əlimizdən gələnin ən yaxşısını etməliyik. “Qəbələ”yə çempionatın gedişində qoşulmuşuq. Futbolçuların nə istədiyimizi anlaması üçün müəyyən vaxta ehtiyac var”.
Baş məşqçi yerli futbolçuların potensialını da qiymətləndirib. O, heyət seçimində oyunçuların milliyyətinə deyil, hazırlıq səviyyəsinə üstünlük verdiyini vurğulayıb:
“Futbolçuları yerli və ya əcnəbi olmasına görə fərqləndirmirəm. Hamısı bir komanda kimi məşq edir. Kim daha yaxşıdırsa, start heyətində də o yer alır. Bu gün ilk “11-lik”də 5 azərbaycanlı futbolçu var idi. Onların çıxışından razıyam. Məhz buna görə start heyətində yer alırlar”.
Bekiri “Sabah”a 0:4 hesablı məğlubiyyətdən sonra “Qarabağ”la görüşdə xal qazanmalarına imkan verən dəyişikliklərə də aydınlıq gətirib. Mütəxəssis komandanın həm psixoloji durumunda, həm də oyun üslubunda yeniliklər etdiklərini söyləyib:
“İlk növbədə, psixoloji dəyişikliklər etdik. Bundan başqa, komandanın oyun üslubunu dəyişdik. Futbolçuların yeni oyun sistemimizə uyğunlaşması üçün vaxt lazımdır. “Sabah”a məğlub olduğumuz görüşdə də qol imkanlarımız var idi. Bu gün də belə şanslar yaratdıq. “Sabah” və “Qarabağ” Azərbaycanın ən yüksək səviyyəli komandalarıdır. Az komanda onlardan xal ala bilir. Biz isə öz işimizə davam edirik”.



