“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Misli Premyer Liqasının yeddinci turunda səfərdə “Sumqayıt”a 1:4 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında erkən buraxılan qolların komandanın toparlanmasını çətinləşdirdiyini söyləyib:
“Belə oyunlarda erkən qollar buraxdıqdan sonra matça qayıtmaq son dərəcə çətindir. İki qol buraxdıq, amma sonra toparlanaraq hesab arasındakı fərqi azaltdıq. Təəssüf ki, cəmi bir neçə dəqiqə sonra üçüncü qolu buraxdıq. Bu, komandada ciddi psixoloji gərginlik yaradır.
Hələ kluba gəlməmişdən əvvəl də “Qəbələ”nin oyunlarını təhlil edirdim. Komanda çox lazımsız, “ucuz” qollar buraxırdı. Müdafiədə Premyer Liqada iddialı komandanın yol verməməli olduğu səhvləri edirik. Bu problemləri aradan qaldırmaq üçün buradayıq”.
Bekiri mövsümün gedişində komandaya qoşulmasını uğursuz nəticələrə bəhanə gətirməyəcəyini vurğulayıb:
“Mən bura şikayət etməyə və ya ağlamağa gəlməmişəm. Burada yalnız işləmək üçünəm və keçmişə baxmaq istəmirəm. Sərəncamımızda olan futbolçularla mümkün olan ən yaxşı nəticələri əldə etməyə çalışacağıq. Kluba, futbolçulara və liqaya böyük hörmətlə yanaşıram. Geriyə yox, irəli baxmaq lazımdır”.
Baş məşqçi heyətdəki çatışmazlıqlara və futbolçuların oyun formasına da toxunub:
“Bu gün Xayme Syerra kimi vacib futbolçumuz çatışmırdı. Rafael Utziq və Endri Çekiçinin optimal oyun formasını bərpa etməsinə ehtiyacımız var. Bu futbolçular komandaya tam uyğunlaşanda daha rəqabətədavamlı olacağıq.
Taktiki sxemin dəyişməsi müəyyən uyğunlaşma çətinlikləri yarada bilər. Amma fərdi səhvlər sistemdən deyil, diqqətin itirilməsindən qaynaqlanır. Bizə vaxt lazımdır. Düşünürəm ki, bu çatışmazlıqları aradan qaldıracağıq”.
Bekiri növbəti turda qarşılaşacaqları “Sabah”la oyun barədə də danışıb:
“Premyer Liqa çox güclü liqadır. “Sabah” yaxşı komandadır. Qısa müddətdə nəyi bacarırıqsa, dəyişməyə çalışacağıq”.




