İdman · İdman.biz

WBC çempionu Füri - Coşua döyüşünün qalibini proqnozlaşdırdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
WBC çempionu Füri - Coşua döyüşünün qalibini proqnozlaşdırdı xəbəri üçün şəkil

Ağır çəkidə WBC-nin dünya çempionu, almaniyalı boksçu Agit Kabayel Tayson Füri ilə Entoni Coşua arasında keçiriləcək döyüşün nəticəsi ilə bağlı proqnozunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, hər iki britaniyalı idmançı ilə sparrinq keçirən Kabayel bu barədə “Ring Magazine” nəşrinə danışıb. O, Fürinin boks intellektinin daha yüksək olduğunu, Coşuanın isə ağır çəkidə rəqibini tək zərbə ilə məğlub edə bilən yeganə boksçu olduğunu bildirib.

“Ona yalnız bir əl lazımdır”, - deyə Kabayel Coşuanın zərbə gücünü qiymətləndirib.

Almaniyalı boksçunun fikrincə, Füri qarşılaşmadan istər xallarla, istərsə də nokautla qalib ayrıla bilər. Kabayel bu döyüşün qalibi ilə rinqə çıxmaq istədiyini də vurğulayıb.

Füri ilə Coşua arasında qarşılaşma dekabrın 11-də Kardiffdəki “Prinsipaliti” stadionunda keçiriləcək. Boksçuların WBA-nın “super” çempion titulu uğrunda mübarizə aparacağı gözlənilir.

38 yaşlı Füri son döyüşlərində Arslanbek Mahmudov və Mariuş Vax üzərində xallarla qələbə qazanıb. 36 yaşlı Coşua isə iyulda Kristian Prenqa ilə qarşılaşmanın ilk raundunda iki dəfə nokdauna düşsə də, növbəti raundda rəqibini nokaut edib.

Dekabrın 11-də baş tutacaq qarşılaşmaya maraq bilet satışlarında da özünü göstərib. “Reuters”in məlumatına görə, təxminən 80 min bilet satışa çıxarıldıqdan sonra bir saat ərzində tükənib. Bilet qiymətləri 88,50 funt sterlinqdən (199 AZN) başlayaraq 13 128 funt sterlinqə (29 551 AZN) qədər yüksəlib.

Onlayn bilet növbəsində 500 mindən çox azarkeşin olduğu bildirilir. Görüşün bilet satışından əldə ediləcək gəlirə görə Britaniya boks tarixinin ən böyük qarşılaşmalarından biri olacağı gözlənilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑