İdman · İdman.biz

Zaur Həşimov: “Artıq gücümüz çatan rəqiblərlə qarşılaşacağıq”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zaur Həşimov: “Artıq gücümüz çatan rəqiblərlə qarşılaşacağıq” xəbəri üçün şəkil

“Şəfa” futbol komandasının baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının yeddinci turunda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmanı dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında komandasının istək və fiziki hazırlıq baxımından rəqibindən geri qalmadığını bildirib.

“Matç haqqında çox danışmağa ehtiyac yoxdur. İstək və fiziki hazırlıq baxımından rəqibdən geri qalmadıq. Sadəcə, ustalıq səviyyəmiz bu cür komandalara qarşı oyunlarda xal qazanmaq üçün kifayət etmir. Təəssüf ki, qolu da diqqətsizlik nəticəsində buraxdıq”, - deyə Həşimov qeyd edib.

Baş məşqçi qış transfer dövrü ilə bağlı rəhbərliklə hələ müzakirə aparmadığını açıqlayıb. Onun sözlərinə görə, ustalıq səviyyəsindəki fərq qiymətləndirilərkən qarşı tərəfin futbolçularının keyfiyyəti də nəzərə alınmalıdır. Güclü rəqiblərə qarşı mübarizə komandanın öz imkanlarını tam nümayiş etdirməsini çətinləşdirir.

Həşimov U-21 limitinin Azərbaycan futboluna qazandırdığı oyunçulardan biri olan Elmir Tağıyevin əsas komandadan kənarda qalmasının səbəbini də izah edib. Mütəxəssis yayda futbolçu ilə ayrılıq barədə danışdıqlarını, lakin onun zədələnməsi səbəbindən komandada qaldığını bildirib. Hazırda lazımi idman formasında olmadığı üçün Tağıyev əsas heyətə cəlb edilmir.

Qarşıdakı turlarda “Şamaxı”, “Araz-Naxçıvan” və “Kəpəz”lə keçiriləcək görüşlərə toxunan baş məşqçi komandasının bu matçlarda xal qazanmalı olduğunu vurğulayıb.

“Püşk elə gətirib ki, ilk yeddi turda qarşılaşdığımız rəqiblərdən yalnız “Qəbələ” və “İmişli” istisna olmaqla, digərləri çempionluq uğrunda mübarizə aparan komandalardır. İndiyədək yaşadığımız məğlubiyyətləri uğursuzluq zolağı adlandırmaq olar, yoxsa bunu rəqiblərin aşkar güc üstünlüyü ilə izah etmək lazımdır, demək çətindir. Ancaq düşünürəm ki, artıq gücümüz çatan rəqiblərlə qarşılaşacağıq. Bu oyunlarda xal və ya xallar qazanmalıyıq”, - deyə Həşimov bildirib.

Mütəxəssis Azərbaycan Kubokundakı hədəflərinin də mövsümün gedişindən asılı olacağını qeyd edib. O, komandasının ilk olaraq İkinci Liqa təmsilçisi “Ağstafa Gəncləri” ilə üz-üzə gələcəyini xatırladıb. Həşimovun sözlərinə görə, kubokun 1/4 final mərhələsi qış fasiləsindən sonraya təsadüf etdiyindən turnirə nə dərəcədə üstünlük veriləcəyi həmin vaxt yaranacaq vəziyyətə əsasən müəyyənləşdiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑