“Futbol üzrə U-15 dünya çempionatı və festivalı bəzi uşaqlar üçün fərqli təcrübədir. Əminəm ki, onlar bu anları uzun müddət xatırlayacaqlar”.
Bu sözləri Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rui Jorje Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı ilə bağlı danışarkən deyib.
Portuqaliyalı mütəxəssis turnirin təşkilatçılığını yüksək qiymətləndirib.
“İndiyədək gördüklərimə əsasən, hər şey çox yaxşıdır. Meydançalar da yaxşı vəziyyətdədir”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.
O, favorit komandalar barədə danışarkən bütün kollektivlərin oyununu izləmədiyini bildirib:
“Buna görə də onların necə oynadıqlarını bilmirəm və hansının favorit olduğunu deyə bilmərəm. Portuqaliyanın U-15 millisinin oyununu izləmişəm və komandanın baş məşqçisini yaxşı tanıyıram. Yaxşı mütəxəssisdir, inanıram ki, Bakıda uğur qazanacaq”.
U-20 millisi ilə bağlı gələcək planlardan da söz açan baş məşqçi gələn il Azərbaycan və Özbəkistanın ev sahibliyi edəcəyi dünya çempionatına vəsiqə qazanan yığmalarla səviyyə fərqini azaltmağa çalışdıqlarını vurğulayıb.



