Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Bukovina”nın Ukrayna Premyer Liqasının 11-ci turundakı səfər oyunu yarımçıq qalıb.
İdman.Biz xəbər verir ki, “Livıy Bereq”lə qarşılaşmanın ilk hissəsindən sonra Kiyev vilayətində hava həyəcanı siqnalı verilib. Hava hücumu təhlükəsi uzun müddət davam etdiyindən komandalar ikinci hissəyə çıxa bilməyiblər.
İlk 45 dəqiqə “Bukovina”nın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Qonaqların qolunu 23-cü dəqiqədə Vitali Qruşa vurub.
Ukrayna Premyer Liqasının qərarına əsasən, qarşılaşmanın qalan hissəsi noyabrın 1-də yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 14:00-da) oynanılacaq.
Renat Dadaşov zədə səbəbindən matçın iştirak ərizəsinə daxil edilməyib.


