“Barselona”nın hücumçusu Rafinya UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb. Braziliyalı futbolçu turnirdə ən çox qol vuran həmyerlilərinin ilk onluğuna daxil olub.
İdman.Biz xəbər verir ki, Rafinya əsas mərhələnin dördüncü turunda “Aston Villa” üzərində 3:0 hesablı qələbə ilə başa çatan qarşılaşmada dubl edib. Bununla da onun Çempionlar Liqasındakı qollarının sayı 23-ə çatıb.
Bu göstərici ilə hücumçu turnirin tarixində ən çox qol vuran braziliyalılar arasında ilk onluğa yüksəlib.
Rafinya eyni zamanda “Barselona”nın Çempionlar Liqasındakı braziliyalı bombardirləri arasında birinci yerə çıxıb. O, bu turnirdə Kataloniya klubunun heyətində 22 qol vurmuş Rivaldonu və 21 dəfə fərqlənmiş Neymarı geridə qoyub.
Braziliyalı hücumçu 23 qolla “Barselona”nın Çempionlar Liqası tarixində Robert Levandovskiyə çataraq üçüncü pilləni bölüşür. Onlardan öndə yalnız Lionel Messi (120 qol) və Luis Suares (25 qol) qərarlaşıblar.
Qeyd edək ki, Rafinya cari mövsüm Çempionlar Liqasında dörd qol vurub.




