İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Kilian Mbappe və PSJ-nin futbolçusu Usman Dembele 2026-cı ilin “Qızıl top” mükafatının təqdimetmə mərasimində iştirak edəcəklər.
İdman.Biz xəbər verir ki, hər iki futbolçu oktyabrın 26-da İngiltərənin paytaxtı Londonda təşkil olunacaq tədbirə qatılmaq qərarına gəlib.
Mbappe oktyabrın 25-də “Barselona” ilə keçirilən “El-Klasiko”dan sonra Londona yollanacaq.
Ötən il “Qızıl top” mükafatını qazanan Dembele isə zədə səbəbindən PSJ-nin “Lion”la qarşılaşmasının iştirak ərizəsinə daxil edilməyib. Bununla belə, fransalı hücumçunun mərasimdə iştirakı planlaşdırılır.
PSJ-nin digər nümayəndələrinin Londona gedib-getməyəcəyi hələ dəqiqləşməyib. Xüsusilə Xviça Kvaratsxeliya və Markinyosun zədələri səbəbindən tədbirdə iştirakları sual altındadır.
Maraqlıdır ki, Paris təmsilçisi ötən il olduğu kimi, bu dəfə də “Qızıl top” mərasiminin keçirildiyi gün çempionat oyununa çıxacaq.
Mbappe və Dembele builki mükafata namizədlər arasındadırlar. Fransalı futbolçuların hər ikisi əsas mükafat uğrunda mübarizə aparırlar.
Qeyd edək ki, “Qızıl top”un 70-ci təqdimetmə mərasimi oktyabrın 26-da Londondakı “Palladium” teatrında keçiriləcək.
Mərasimə Fransanın sabiq futbolçusu Tyerri Anri və aparıcı Keyt Skott rəhbərlik edəcəklər.






