Madrid “Real”ının futbolçusu Kilian Mbappe klub rəhbərliyinin dəstəyinin yetərli olmaması səbəbindən 2026-cı ilin “Qızıl top” mükafatını qazana bilməyəcəyini düşünür.
İdman.Biz xəbər verir ki, bu barədə ispaniyalı jurnalist İvan Martin sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, fransalı futbolçu Madrid klubunun onun namizədliyini mediada kifayət qədər təbliğ etməməsindən narazıdır. Mbappe hesab edir ki, ötən mövsüm göstərdiyi yüksək məhsuldarlıq və statistik nəticələr klub rəhbərliyi tərəfindən daha fəal şəkildə dəstəklənməli idi.
Hücumçu həmçinin həmyerlisi, “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın onun namizədliyini açıq şəkildə dəstəkləyəcəyinə ümid bəsləyib. Lakin əfsanəvi futbolçu Mbappenin lehinə ictimai açıqlama verməyib.
Qeyd edək ki, “Qızıl top” mükafatının 70-ci təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Qalib FIFA reytinqinin ilk 100 pilləsində yer alan ölkələri təmsil edən 100 jurnalistin səsverməsi nəticəsində müəyyənləşəcək.






