“Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappen bir komandanın heyətində qazanılan qələbələrin sayına görə əfsanəvi Mixael Şumaxeri geridə qoyub.
İdman.Biz xəbər verir ki, niderlandlı pilot Sinqapur Qran-prisində qalib gələrək “Red Bull”un heyətində qələbələrinin sayını 73-ə çatdırıb. Bununla da o, “Formula-1” tarixində bu göstərici üzrə ikinci pilləyə yüksəlib.
Şumaxer 1996–2006-cı illərdə “Ferrari”nin heyətində 72 qələbə qazanıb. Almaniyalı pilot həmin dövrdə, 2000–2004-cü illərdə ardıcıl beş dəfə dünya çempionu olub.
Reytinqə yeddiqat dünya çempionu Luis Hamilton başçılıq edir. Britaniyalı pilot 2013–2024-cü illərdə çıxış etdiyi “Mercedes”in heyətində 84 qələbəyə imza atıb. Ferstappenin bu rekordu təkrarlaması üçün daha 11 qələbəyə ehtiyacı var.
İlk altılıqda, həmçinin “Red Bull”la 38 qələbə qazanan Sebastyan Fettel, “Maclaren”in heyətində 35 dəfə qalib gələn Ayrton Senna və eyni komanda ilə 30 qələbəyə imza atan Alen Prost yer alırlar.





