Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən “Qələbə qaçışı”nın əhəmiyyətindən və ölkədə kütləvi idman tədbirlərinə artan maraqdan danışıb.
İdman.Biz xəbər verir ki, nazir Vətən müharibəsində qazanılan tarixi Zəfərin altıncı ildönümünə həsr olunmuş yarış zamanı jurnalistlərə açıqlamasında tədbirin artıq ənənəyə çevrildiyini vurğulayıb.
“Bir neçə gündən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı möhtəşəm Zəfəri qeyd edəcəyik. Bu tarixi qələbəyə həsr olunan “Qələbə qaçışı”nı artıq altıncı dəfədir keçiririk. Əlverişli hava şəraiti və iştirakçıların yüksək əhvali-ruhiyyəsi bizi sevindirir”, - deyə Fərid Qayıbov bildirib.
Nazir yarışa qatılanların sayının hər il artmasını müsbət qiymətləndirib. Onun sözlərinə görə, xüsusilə qadınların bu cür tədbirlərə marağının yüksəlməsi sevindirici haldır:
“Bu il yarışda 2000-dən çox iştirakçı var. Qadınların sayının artması da bizi məmnun edir. Ölkəmizdə il ərzində müxtəlif məsafələrə, o cümlədən üç və beş kilometrlik qaçış yarışları keçirilir. Hər il yarımarafon da təşkil olunur. Artıq bu il həmin yarış tam marafon formatına keçirilib. Belə tədbirlər idmançıların daha böyük yarışlara hazırlaşması üçün mühüm stimul rolunu oynayır. Bütün iştirakçıları, xüsusilə finiş xəttinə çatanları təbrik edirəm”.
Qeyd edək ki, Vətən müharibəsində qazanılan Zəfərə həsr olunmuş “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il təşkil edilir.



