İdman · İdman.biz

Bundesliqa: “Bavariya” üçün narahat rəqib, Leypsiqdə gərgin oyun gözlənilir - İDMAN.BIZ İCMALI

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bundesliqa: “Bavariya” üçün narahat rəqib, Leypsiqdə gərgin oyun gözlənilir - İDMAN.BIZ İCMALI xəbəri üçün şəkil

Almaniya Bundesliqasında 2026/27 mövsümünün 5-ci turuna start verilib. İlk oyundaca turnir cədvəlinin zirvəsində vəziyyət daha da maraqlılaşıb: Dortmund “Borussiya”sı çempionatda ilk dəfə xal itirib və izləyicilərinə ona yaxınlaşmaq imkanı yaradıb.

İdman.Biz xəbər verir ki, bu gün əsas diqqət “Auqsburq” – “Bavariya”, “Maynts” – “Bayer” və “Leypsiq” – “Ayntraxt” qarşılaşmalarına yönələcək. Bazar günü isə liderlik uğrunda mübarizə aparan digər komanda – “Frayburq” meydana çıxacaq.

“Verder”in geri dönüşü və rəqiblərə hədiyyə

Tura ötən gün Dortmund “Borussiya”sı – “Verder” oyunu ilə start verilib. Bundesliqada əvvəlki dörd qarşılaşmasının hamısında qalib gələn meydan sahibləri uğurlu seriyanı davam etdirməyə çox yaxın olsalar da, iki top fərqli üstünlüyü əldən veriblər – 2:2.

80-ci dəqiqəyədək hesab açılmayıb. Daha sonra Daniel Svensson və Niko Şlotterbek beş dəqiqə ərzində iki dəfə Bremen klubunun qapısına yol tapıblar. Oyunun taleyinin həll olunduğu düşünülsə də, 88-ci dəqiqədə Ludovit Rays fərqi azaldıb, 90+2-ci dəqiqədə isə Dortmund klubunun sabiq hücumçusu Niklas Füllkruq “Verder”ə bərabərlik qolunu qazandırıb.

Beləliklə, “Borussiya” mövsümdə ilk dəfə xal itirib və 5 oyundan sonra 13 xalla liderliyini davam etdirir. “Verder” isə xal ehtiyatını 8-ə çatdırıb.

Dortmund klubunun xal itkisi “Bavariya”ya liderliyə yüksəlmək üçün real şans verib. Münhen təmsilçisi bu gün qalib gələrsə, xal sayını 13-ə çatdıracaq və daha yaxşı top fərqinə görə “Borussiya”nı qabaqlaya bilər.

“Auqsburq” – “Bavariya”

Son çempion Bavariya derbisinə yaxşı vəziyyətdə çıxır. Vensan Kompaninin komandası 4 turdan sonra 10 xal toplayıb və 14:2 top fərqinə malikdir.

Millilərin oyunları ilə bağlı fasilədən əvvəl “Bavariya” evdə “Union”u 7:0 hesabı ilə darmadağın edib. Maykl Olise het-trik edib, Harri Keyn isə dubla imza ataraq Bundesliqada 100-cü qolunu vurub.

Lakin məhz “Auqsburq” son dövrlərdə münhenlilər üçün kifayət qədər narahat rəqibə çevrilib. Yanvarda Manuel Baumun komandası “Alyans Arena”da “Bavariya”nı 2:1 hesabı ilə məğlub edərək rəqibin çempionatdakı 27 oyunluq məğlubiyyətsizlik seriyasına son qoymuşdu.

Üstəlik, “Auqsburq” “Bavariya”nı Bundesliqadakı son 47 oyununda məğlub edə bilən yeganə komandadır.

Meydan sahibləri cari mövsümə də pis başlamayıblar. Dörd turdan sonra 7 xalla 5-ci pillədə qərarlaşıblar. Bununla belə, son iki qarşılaşmada cəmi bir xal qazandıqları üçün dinamikanı bir qədər itiriblər.

“Bavariya”da isə Camal Musiala ilə bağlı yenidən problem yaranıb. Yarımmüdafiəçi əzələ zədəsi səbəbindən bugünkü oyunu buraxacaq. Onun hücum xəttindəki yerini İsmayıl Saibari tuta bilər. Ümumilikdə isə Kompaninin sərəncamında rotasiya etməyə imkan verən kifayət qədər geniş heyət var.

“Maynts” – “Bayer”

Turun maraqlı qarşılaşmalarından biri Mayntsda keçiriləcək. Hər iki komandanın hesabında 7 xal var, “Bayer” yalnız əlavə göstəricilərə görə rəqibini qabaqlayır.

Leverkuzen təmsilçisi mövsümə Bundesliqa debütantı “Elversberq”ə 2:3 hesablı gözlənilməz məğlubiyyətlə başlayıb. Bundan sonra isə komanda uduzmayıb.

Ötən turda “Bayer” öz meydanında “Leypsiq”i 2:0 hesabı ilə məğlub edib və fasiləyə 7 xalla yollanıb.

“Maynts” isə son turda mövsümün ən məhsuldar oyunlarından birinə imza atıb. Komanda səfərdə Mönhenqladbax “Borussiya”sını 4:3 hesabı ilə məğlub edib.

Bugünkü qarşılaşma hər iki klub üçün Çempionlar Liqası zonasına yaxınlaşmaq baxımından mühüm əhəmiyyət daşıyır. “Bayer” eyni zamanda Bundesliqadakı məğlubiyyətsiz seriyasını 4 oyuna çatdırmağa çalışacaq.

“Leypsiq” – “Ayntraxt”

Şənbə gününün əsas qarşılaşması Leypsiqdə keçiriləcək. Hər iki komanda mövsümə gözləniləndən zəif başlayıb. “Leypsiq” 6 xalla 9-cu, “Ayntraxt” isə 5 xalla 10-cu pillədədir.

Xüsusilə Martin Demiçelisin komandası qeyri-sabit təsir bağışlayır. “Leypsiq” çempionatdakı hər iki ev oyununda qalib gəlib və bu qarşılaşmalarda ümumilikdə 8 cavabsız qol vurub – Mönhenqladbax “Borussiya”sına 3:0, “Hamburq”a isə 5:0.

Əvəzində səfərdə keçirilən hər iki oyun məğlubiyyətlə başa çatıb: “Verder”ə 1:3, “Bayer”ə isə 0:2.

Bu səbəbdən bugünkü görüş Demiçelis üçün də xüsusi əhəmiyyət daşıyır. Komandanın baş məşqçisi postunda ilk mövsümünü keçirən argentinalı mütəxəssisin üzərində təzyiq artıq hiss olunmağa başlayıb.

“Ayntraxt” da uğurlu oyunlarla uğursuz nəticələri növbələyir. Frankfurt klubu 9 qol vursa da, qapısında 10 top görüb. Ötən turda komanda “Frayburq”la görüşdə iki dəfə hesabda önə keçsə də, yekunda 2:2 hesablı heç-heçə ilə kifayətlənib.

“Leypsiq”in evdəki güclü statistikası və “Ayntraxt”ın məhsuldarlığı nəzərə alınsa, bu matçı turun ən proqnozlaşdırılması çətin qarşılaşmalarından biri hesab etmək olar.

“Frayburq” şansını gözləyir

Bazar günü diqqət yenidən turnir cədvəlinin üst sıralarına yönələcək. 10 xalı olan “Frayburq” Bundesliqaya qayıdan “Şalke”ni qəbul edəcək.

Yulian Şusterin komandası “Bavariya” ilə yanaşı, mövsümdə hələ məğlub olmayan iki kollektivdən biridir. Dörd turda “Frayburq” 12 qol vurub və cəmi 3 top buraxıb.

Ardıcıl üç qələbədən sonra komanda ötən turda “Ayntraxt”la 2:2 hesablı heç-heçə edib.

“Şalke” üzərində qələbə “Frayburq”un xal sayını 13-ə çatdıracaq və komanda ən azı Dortmund “Borussiya”sına çatacaq. “Bavariya”nın da xal itirməsi halında “Frayburq” turu hətta lider kimi başa vurmaq şansı qazanacaq.

Bazar gününün digər oyunu isə prinsipial xarakter daşıyır. “Köln” Reyn derbisində Mönhenqladbax “Borussiya”sını qəbul edəcək.

Qonaqlar üçün mövsümün startı əsl uğursuzluğa çevrilib. Dörd turda dörd məğlubiyyət alan “Borussiya”nın top fərqi 6:16-dır. Mönhenqladbax təmsilçisi çempionatda hələ xal qazanmayan yeganə komandadır.

Bundesliqanın 5-ci turunun oyun cədvəli – Bakı vaxtı ilə

9 oktyabr

22:30. “Borussiya” Dortmund – “Verder” – 2:2

10 oktyabr

17:30. “Hoffenhaym” – “Hamburq”
17:30. “Auqsburq” – “Bavariya”
17:30. “Maynts” – “Bayer”
17:30. “Union” – “Elversberq”
17:30. “Paderborn” – “Ştutqart”
20:30. “Leypsiq” – “Ayntraxt”

11 oktyabr

17:30. “Köln” – “Borussiya” Mönhenqladbax
19:30. “Frayburq” – “Şalke”

“Borussiya” – “Verder” oyunundan sonra turnir cədvəli:

1. “Borussiya” Dortmund – 13 xal
2. “Bavariya” – 10
3. “Frayburq” – 10
4. “Verder” – 8
5. “Auqsburq” – 7
6. “Bayer” – 7
7. “Maynts” – 7
8. “Elversberq” – 7
9. “Leypsiq” – 6
10. “Ayntraxt” – 5
11. “Şalke” – 5
12. “Paderborn” – 4
13. “Köln” – 4
14. “Hoffenhaym” – 3
15. “Ştutqart” – 3
16. “Hamburq” – 3
17. “Union” – 1
18. “Borussiya” Mönhenqladbax – 0

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑