Braziliyada 20 yaşadək futbolçular arasında keçirilən oyunda kütləvi dava düşüb. Minas-Jerays ştatının ikinci liqasında “Uberlandiya” və “Mamore” komandaları arasında baş tutan yarımfinal qarşılaşmasından sonra hakim ümumilikdə 53 nəfəri qırmızı vərəqə ilə cəzalandırıb.
İdman.Biz xəbər verir ki, görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalmaqal əlavə vaxtda vurulan üçüncü qoldan sonra başlayıb. “Mamore”nin futbolçusu Davi qol sevincini qeyd edərkən rəqib komandanın ehtiyat oyunçular skamyasına doğru təhqiramiz jestlər edib. Ardınca futbolçular və klub nümayəndələri arasında kütləvi dava düşüb.
Baş hakim Fernando Patrik oyun protokolunda 53 qırmızı vərəqə qeydə alıb. Bunlardan 24-ü “Uberlandiya”, 29-u isə “Mamore”nin üzvlərinə verilib. Üç futbolçu kütləvi dava başlamazdan əvvəl meydandan qovulmuşdu.
Hakimin sözlərinə görə, qarşıdurma zamanı iştirakçılar bir-birinə yumruq və təpiklə zərbələr endiriblər. İnsidentin miqyası o qədər böyük olub ki, o, bütün qırmızı vərəqələri meydanda göstərə bilməyib.
Bundan başqa, “Uberlandiya”nın nümayəndələri hakimi fiziki zorakılıqla hədələyiblər. Klubun meneceri Viler Silvanın onu öldürməklə hədələdiyini bildirən Patrik polisə müraciət edib.
Qeyd edək ki, əvvəlki dünya rekordu 2011-ci ildə Argentinanın “Atletiko Kleypole” və “Viktoriano Arenas” komandalarının oyununda qeydə alınmış 36 qırmızı vərəqə idi.



