Almaniyanın “Borussiya” (Dortmund) futbol komandası baş məşqçisi Niko Kovaç ilə müqavilənin müddətini uzadıb.
İdman.Biz xəbər verir ki, bu barədə klubun “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.
54 yaşlı mütəxəssislə yeni müqavilə 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulub. Onun köməkçiləri Robert Kovaç və Filip Tapaloviç də klubdakı vəzifələrini davam etdirəcəklər.
Niko Kovaç 2025-ci ilin yanvarında türkiyəli mütəxəssis Nuri Şahini əvəz edərək “Borussiya”nın baş məşqçisi təyin olunub.
Xorvatiyalı mütəxəssisin rəhbərliyi altında Dortmund təmsilçisi 80 oyun keçirib. Komanda bu görüşlərdə 49 qələbə qazanıb, 14 dəfə heç-heçə edib və 17 məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, Kovaç məşqçilik karyerası ərzində Xorvatiya millisini, Almaniyanın “Ayntraxt” (Frankfurt), “Bavariya”, “Volfsburq” və Fransanın “Monako” komandalarını da çalışdırıb.



