İspaniyanın “Real Madrid” futbol komandasının sabiq müdafiəçisi Dani Karvaxal karyerasını “Xetafe”də davam etdirəcək.
İdman.Biz xəbər verir ki, bu barədə “Xetafe”nin rəsmi saytı məlumat yayıb.
34 yaşlı futbolçu yeni klubuna azad agent statusunda qoşulub. Tərəflər arasında imzalanan müqavilə 2027-ci il iyunun 30-na qədər qüvvədə olacaq.
“Real Madrid”in yetirməsi olan Karvaxal 2013-cü ilin yayından əsas komandada çıxış edib. O, ötən mövsümün sonunda 13 illik fəaliyyətindən sonra Madrid təmsilçisindən ayrılıb.
Müdafiəçi “Real Madrid”in heyətində 451 oyun keçirib və 14 qol vurub. O, komanda ilə altı dəfə UEFA Çempionlar Liqasının, dörd dəfə İspaniya çempionatının, beş dəfə klublararası dünya çempionatının və UEFA Superkubokunun, iki dəfə İspaniya Kubokunun, dörd dəfə isə ölkə Superkubokunun qalibi olub.
Karvaxal İspaniya millisinin heyətində 52 oyuna çıxıb və bir qol vurub. O, yığma komanda ilə 2024-cü ildə Avropa çempionu, 2022/2023 mövsümündə isə UEFA Millətlər Liqasının qalibi olub.



