“Barselona” yay transfer pəncərəsində “Bavariya”nın hücumçusu Harri Keynin transferi ilə maraqlanıb. Lakin ingiltərəli futbolçu Münhen klubu ilə müqaviləsini uzatmaq barədə razılığa gəlib.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto DAZN-a açıqlamasında danışıb.
Onun sözlərinə görə, Kataloniya klubu yayda 33 yaşlı hücumçunun transfer imkanlarını araşdırıb və onun vəziyyəti ilə maraqlanıb. Bununla belə, “Bavariya” əsas qolçusunu komandada saxlamaq istiqamətində danışıqlarda irəliləyiş əldə edib.
Keynin Münhen təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. Yeni razılaşmanın isə 2029-cu ilə qədər nəzərdə tutulduğu bildirilir. Müqavilənin uzadılması hələ rəsmən elan olunmayıb.
Xatırladaq ki, Harri Keyn 2023-cü ildə “Tottenhem”dən “Bavariya”ya keçib. İngiltərə millisinin kapitanı Almaniya klubunun heyətində məhsuldar çıxışı ilə seçilib və bir neçə daxili titul qazanıb.





